Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Fizika İnstitutu elm və tədris müəssisələrini birgə fundamental tədqiqatlar aparmaq üçün əməkdaşlığa dəvət edir
14.04.2021 11:29
  • A-
  • A
  • A+

Fizika İnstitutu elm və tədris müəssisələrini birgə fundamental tədqiqatlar aparmaq üçün əməkdaşlığa dəvət edir

“Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında” ölkə Prezidentinin 10 yanvar 2019-cu il tarixli Sərəncamında alimlərin innovasiya təşəbbüskarlığının və rəqəmsal texnologiyadan istifadəsinin təşviq edilməsi nəzərdə tutulur.

UNESCO-nun sonuncu Baş Konfransında davamlı inkişafın maraqlarını təmin etmək məqsədilə 2022-ci ilin Beynəlxalq İnkişaf üçün Fundamental Elmlər İli (International Year of Basic Sciences for Development – IYBSSD 2022) elan edilməsinə dair qərar qəbul edilib. Qərarın əsas məqsədi fundamental elmi tədqiqatların bütün dünyanın davamlı inkişafında həlledici rolunu, eyni zamanda BMT-nin Davamlı İnkişaf Məqsədlərinin (SDG) həyata keçirilməsində bu tədqiqatların verdiyi töhfəni vurğulamaqdan ibarətdir.

Hazırda Azərbaycan yüksək elmi potensiala malik olan ölkələr sırasına daxildir. Ölkənin elmi işçilərinin qarşısında duran məsələlərdən biri də elmdə vərəsəliliyin təmin edilməsidir. Bu, gənclərin elmi maraqlarının və yollarının müəyyən edilməsində xüsusi əhəmiyyət kəsb edir.

Respublikamızda fizika üzrə fundamental tədqiqatların aparılması üzrə aparıcı mərkəz olan AMEA-nın Fizika İnstitutu bu məqsədlə Azərbaycanın elm və tədris müəssisələrini birgə fəaliyyətə dəvət edir. Birgə fəaliyyətin məqsədi fundamental tədqiqatların davamlı aparılması üçün tədqiqatçıların bir-birinə qarşılıqlı köməyinin təmin edilməsi, fundamental tədqiqatlar sahəsində beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, azərbaycanlı alimlərin dünya elmi ictimaiyyəti sıralarına daxil edilməsinə köməkliyin göstərilməsi, müxtəlif regionlardan və təşkilatlardan olan gənc alimlər tərəfindən birgə elmi proqramların tərtib edilməsi və həyata keçirilməsinə müvafiq şəraitin yaradılmasıdır. Eyni zamanda birgə fəaliyyətin məqsədi respublika üçün əhəmiyyət kəsb edən, yeni biliklərin mənimsənilməsinə təkan verən fundamental elmi tədqiqat layihələrinin təqdimatına köməklik göstərmək, fundamental tədqiqatlar aparan elmi kollektivlərin və alimlərin fərdi şəkildə dəstəklənməsi, fundamental elmi tədqiqatların nəticələri haqqında məlumatların yayılması və nəşr olunmasıdır.

Fizika İnstitutunun fundamental tədqiqatlarının əsas istiqamətləri aşağıdakılardır:

- Kondensə olunmuş hal fizikası;

- Optoelektronikanın fiziki-texniki əsasları;

- Nüvə fizikası və yüksək enerjilər fizikası;

- Mühəndis elminin fundamental əsasları.

Tel.: (+994 12) 537 11 04

E-mail: director@physics.ab.az

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: