Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Qorxmaz İmanovun 80 yaşı tamam olur
17.04.2021 13:32
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Qorxmaz İmanovun 80 yaşı tamam olur

İqtisadiyyatın riyazi və instrumental üsulları sahəsində dünya elminə mühüm töhfələr vermiş görkəmli alim, Azərbaycan SSR Dövlət mükafatı laureatı, İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Qorxmaz İmanovun 80 yaşı tamam olur.

1941-ci il aprelin 17-də Bakı şəhərində dünyaya göz açan Qorxmaz Cahangir oğlu İmanov 1958-ci ildə 199 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) daxil olub və 1964-cü ildə İqtisadiyyat fakültəsini bitirib.

O, 1964-1967-ci illərdə Moskva şəhərində SSRİ EA Mərkəzi İqtisadi-Riyaziyyat İnstitutunun aspiranturasında təhsil alıb və 1968-ci ildə həmin institutda “Yüklərin daşınması prosesinin optimallaşdırılması məsələləri EHM və iqtisadi-riyazi üsulların tətbiqi” mövzusunda iqtisad üzrə fəlsəfə doktoru, 1975-ci ildə isə “Milli iqtisadiyyatının optimal planlaşdırılmasının inteqral modellər sistemi” mövzusunda iqtisad elmləri doktorluq dissertasiyasını müdafiə edib. Daha sonra 1983-cü ilin iyun ayında professor elmi adına və 1984-cü ildə elm sahəsində Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb. Alim 2017-ci ildə AMEA-nın müxbir üzvü seçilib.

Görkəmli elm xadiminin rəhbərliyi ilə 1974-cü ildə ilk dəfə respublikada makroiqtisadi sistemlərin modelləşdirilməsi sahəsində elmi-tədqiqat işləri aparmaq üçün Kibernetika İnstitutunda (indiki İdarəetmə Sistemləri İnstitutu) laboratoriya yaradılıb və o, 1987-ci ilə qədər həmin laboratoriyaya başçılıq edib.

Əmək fəaliyyəti çoxşaxəli olan alim Azərbaycan Dövlət Plan Komitəsinin və sonralar İqtisadiyyat Nazirliyinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun rəhbəri (1987-1993) vəzifəsində, Rusiya Elmlər Akademiyasının Bazar Problemləri İnstitutunda (1995-1998) və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində baş müşavir vəzifəsində (1999-2000) çalışıb.

Q.İmanov Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) müəllim (1968-1969) işləyib və 1971-1987-ci illərdə yenidən instituta qayıdaraq böyük elmi işçi, laboratoriya, şöbə rəhbəri vəzifələrində fəaliyyət göstərib. Professorun geniş pedaqoji fəaliyyəti Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan İctimai-Siyasi Universiteti ilə bağlı olub.

Yumşaq hesablama üsulları, o cümlədən neyron şəbəkələri, fuzzy məntiqi və digər makroiqtisadi modelləşdirmə tətbiqləri sahəsində geniş tədqiqat işləri aparan professorun rəhbərliyi altında Azərbaycanda “Makroekonomik sistemlərin modelləşdirilməsi” (1974) və “Fuzzy iqtisadiyyat” (2003) kimi iki elmi məktəb və respublikada ilk dəfə olaraq fazi iqtisadiyyat laboratoriyası (2003) yaranıb. Qeyd edək ki, alim hazırda AMEA İdarəetmə Sistemləri İnstitutunda Fazi iqtisadiyyat laboratoriyasının rəhbəri vəzifəsində çalışır.

Respublikada iqtisadi-riyazi üsullar sahəsində çalışan ilk alimlərdən biri olan Q.İmanovun əsas elmi nailiyyətləri fazi iqtisadiyyat, müttəfiq respublikaların xalq təsərrüfatlarının planlaşdırılması, iqtisadi proqnozlaşdırma modelləri, həmçinin sosial-iqtisadi sistemlərin planlaşdırma, iqtisadi sistemlərin struktur-funksional modeli xalq təsərrüfatı balanslarının inteqrallaşdırılmış sistemi ilə bağlı olub. Bununla yanaşı, Azərbaycanın sosial-iqtisadi, eləcə də sosial sistemlərin keyfiyyətinin qiymətləndirilməsinin qeyri-səlis modelləri, iqtisadi qeyri-müəyyənlik problemləri, dayanıqlı inkişafın milli strategiyasının qiymətləndirilməsi modelləri və sosial iqtisadi sistemlərin makro indekslərinin qeyri-səlis məntiq nəzəriyyəsi əsasında qiymətləndirilməsi ilə də bağlı elmi nailiyyətləri var. Professorun tədqiqat işlərində iqtisadi informasiyalarda və proseslərdə baş verə biləcək qeyri-müəyyənlik problemlərinin araşdırılması və bu problemlərin sosial-iqtisadi sistemin müxtəlif səviyyələrində həlli üçün təklif edilmiş fazi modellərin respublikamızın inkişaf proqramlarında istifadəsi böyük əhəmiyyət kəsb edir.

Q.İmanovun inteqrallaşdırılmış balans modelləri və müttəfiq respublikaların struktur-funksional modeli işləri 1976 və 1981-ci illərdə keçmiş SSRİ Elmlər Akademiyasının mühüm nəticələri siyahısına daxil edilib, 1999-2000-ci illərdə yerinə yetirilmiş “Azərbaycanın sosial-iqtisadi inkişafının modelləri” mövzusundakı elmi-tədqiqat işi isə mütəxəssislər tərəfindən müsbət qiymətləndirilib və İqtisadiyyat Nazirliyinə göndərilib.

Görkəmli alim Q.İmanov dünyada iqtisadiyyatın riyazi və instrumental üsulları sahəsində tanınmış mütəxəssisdir. O, sistematik olaraq Rusiyada, İtaliyada, ABŞ-da, İspaniyada və s. ölkələrdə iqtisadiyyatda riyazi üsulların tətbiqi ilə bağlı seminarlarda çıxış edir, İspaniyanın İqtisadiyyat və Maliyyə Elmləri Kral Akademiyası, Barselona Universiteti, Polşa Elmlər Akademiyasının Sistemli Təhsil İnstitutu və Rusiya Elmlər Akademiyasının Mərkəzi Riyazi-İqtisadi İnstitutu ilə birgə elmi-tədqiqatlar aparır və layihələr üzrə işləyir.

Alim Ukraynada çap olunan “Beynəlxalq elm bazalara daxil olan iqtisadiyyatın modelləşdirilməsində neyro-fuzzy texnologiyalar”, Azərbaycanda çap olunan “Audit”, “Azərbaycanın Vergi Jurnalı”, “Odlar Yurdu Universitetinin Elmi və Pedaqoji Xəbərləri” və “AMEA-nın xəbərləri” jurnallarının redaksiya heyətinin üzvü və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ixtisaslaşmış müdafiə şurasının sədridir.

Lütfi Zadənin yaratdığı “Soft Computinq” təşəbbüs qrupunun üzvü olan Q.İmanovun alimin 100 illiyinə həsr edilmiş “ İqtisadiyyatda fazi modellər” monoqrafiyası 2021-ci ildə “Springer” nəşriyyatında çap edilib.

Alim 2012-ci ildə İspaniya İqtisadiyyat və Maliyyə Elmləri Kral Akademiyasının xarici üzvü, akademik N.P.Fedorenko adına Beynəlxalq Elm Fondunun İdarə heyətinin üzvü, Avropa Kral Doktorlar Akademiyasının üzvü, Ali Avropa Doktorlar Şurasının fəxri üzvü (İspaniya) seçilib və şuranın medalı ilə təltif olunub. O, Rusiya iqtisad elminin inkişafında xidmətlərinə görə 2015-ci ildə müsabiqə nəticəsində akademik N.P.Fedorenkonun İqtisadi Tədqiqatlar Beynəlxalq Elm Fondunun mükafatına layiq görülüb.

Tanınmış alimin yüksək ixtisaslı kadrların hazırlanmasında da böyük xidmətləri var. Onun rəhbərliyi altında 33 nəfər müdafiə edərək 3 elmlər və 30 fəlsəfə doktoru elmi dərəcələrini alıblar. Q.İmanov 16 monoqrafiyanın və 220-yə yaxın elmi əsərin müəllifidir, onlardan 100-ə yaxını dünyanın 18 ölkəsində dərc olunub.

Tanınmış alimi 80 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, Azərbaycan elminin inkişafı yolunda yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: