Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Fransa-Azərbaycan Universiteti RSXM-lə əməkdaşlığını genişləndirmək istəyir
07.05.2021 16:36
  • A-
  • A
  • A+

Fransa-Azərbaycan Universiteti RSXM-lə əməkdaşlığını genişləndirmək istəyir

Fransa-Azərbaycan Universitetinin (UFAZ) rəhbərliyi AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olub.

RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə görüşdə UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov, geofizika üzrə mütəxəssis, dosent Klara Jodri, UFAZ-ın araşdırma departamentinin rəhbəri və Strasburq Universitetinin Beynəlxalq işlər üzrə prorektoru Filip Turek və UFAZ-ın geofizika proqramı üzrə koordinatoru Elşən Abdullayev iştirak ediblər.

Görüş zamanı UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov bildirib ki, Fransa-Azərbaycan Universiteti RSXM-də daxil olmaqla, AMEA-nın Yer Elmləri Bölməsinə daxil olan institutlarla yaxından əməkdaşlıq etmək niyyətindədir. Bu əməkdaşlıq çərçivəsində tərəflər arasında qarşılıqlı təcrübə mübadiləsi, UFAZ-ın tələbələrinin RSXM-də təcrübə keçməsi, Mərkəzin alimlərinin UFAZ-da tədris prosesində iştirakı, eləcə də Azərbaycan və Fransa alimlərinin birgə elmi tədqiqatlar aparması,  beynəlxalq konfransların keçirilməsi və s. məsələlər nəzərdə tutulur.

AMEA-nın müxbir üzvü Qurban Yetirmişli isə öz növbəsində RSXM-nin dünyanın bir sıra aparıcı ölkələri və universitetləri ilə yaxından əməkdaşlıq etdiyini qeyd edərək vurğulayıb ki, Mərkəz UFAZ ilə əməkdaşlığa açıqdır. Bundan əvvəlki müzakirələrdə də bəzi məsələlərə toxunulduğunu xatırladan baş direktor əməkdaşlığın  genişləndirilməsi üçün yaxşı imkanların olduğunu diqqətə çatdırıb. O, həmçinin ikitərəfli əməkdaşlığın istiqamətləri ilə bağlı proqramın tərtib olunması təklifini irəli sürüb. Görüşdə hazırda Azərbaycandakı seysmik monitorinq şəbəkəsinin işindən, eləcə də yeni quraşdırılacaq seysmik stansiyalar barəsində də qonaqlara məlumat verilib.

Q.Yetirmişli işğaldan azad edilmiş Qarabağda vaxtilə seysmik stansiyaların olduğunu  və onların işğal vaxtı ermənilər tərəfindən dağıdıldığını xatırladaraq, həmin ərazilərdə yeni seysmik stansiyaların da quraşdırılacağını söyləyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.

Sonda UFAZ tərəfindən verilən təkliflərin nəzərdən keçirilməsi və qarşıdakı perspektivdə tərəflər arasında birgə əməkdaşlığa dair memorandumun imzalanması qərara alınıb.

Qeyd edək ki, görüşdə RSXM-nin baş direktorunun müavinləri, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Azay Rzayev, İnfomasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: