Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Zəngilan rayonunda ermənilərin törətdiyi ekoloji terror
17.05.2021 14:49
  • A-
  • A
  • A+

Zəngilan rayonunda ermənilərin törətdiyi ekoloji terror

Ermənistanın işğalı nəticəsində Azərbaycan torpaqlarının 20%-i illər boyu istismar edilib. Düşmən illər ərzində yeraltı və yerüstü sərvətlərimizi talan etməklə, təbiətin “ağ ciyəri” hesab edilən ağac və kol bitkilərini talamaqla, təbii abidələri məhv etməklə, su ehtiyatlarını çirkləndirməklə, flora və faunaya zərər yetirməklə ekosistemin mühüm halqalarını, qida zəncirini dağıtmaqla tapdaq altında olan ərazilərimizdə ekoloji terror yaradıb. Mənfur düşmən şüurlu surətdə Qarabağ ərazisində yerləşən daxili suların mikroflora və mikrofaunasını tamamilə məhv edib, suları ağır metallarla çirkləndirib, istifadəyə yararsız hala salıb. Torpaq qatı ağır və hərbi texnikanın istifadəsi ilə erroziyaya uğradılıb, savaşların davam etdirilməsi məqsədi ilə qazılan dərin akoplar, həmçinin bu sahələrin texnogen və kimyəvi çirklənməsi torpaqlarımızın deqredasiyaya uğramasına səbəb olub. Ən gərgin silahlı konfliktlər zamanı belə ətraf mühiti mühafizə edən beynəlxalq hüquq normaları düşmən tərəfindən kobud şəkildə pozulub, Qarabağ təbiəti viran qoyulub. Ermənistanın təcavüzü nəticəsində bu ərazilərin ekologiyasına vurulan ziyanın  bərpa olunması üçün hələ çox zaman tələb olunacaq. Həmin ekoloji terrora məruz qalan, ərazisi məqsədli şəkildə xarabalığa çevrilən rayonlardan biri də məhz Zəngilandır.

Kiçik Qafqaz dağ silsiləsinin cənub-şərqində, Araz çayının sol sahilində yerləşən Zəngilan rayonu 29 oktyabr 1993-cü ildə yağı düşmən tərəfindən işğal edilib. Özünəməxsus gözəllikləri, sıldırım qayaları, buz bulaqları, laləli düzləri, göz oxşayan mənzərələri ilə seçilən Zəngilan rayonu həm də zəngin təbii sərvətlərlə doludur. Ərazidə tikinti daşı, qızıl, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı və digər faydalı qazıntılar hesab edilən təbii ehtiyatlar geniş yayılıb. Rayonun bitki örtüyündə əsasən kserofit bitkilər üstünlük təşkil edir. Zəngilanın faunasına nəzər salsaq, oxlu kirpi, çöl qabanı, ayı, cüyür, dağ keçisi, tülkü, boz dovşan, canavar, quşlardan qırqovul, kəklik, meşə xoruzu, gəlincik, sərçə, qarğa, sağsağan, qumru, vəhşi göyərçin, həmçinin digər nadir və nəsli kəsilməkdə olan növlərin geniş yayıldığını vurğulaya bilərik. Rayonda dövrümüzə qədər salamat gəlib çatan qədimi abidələrdən türbə, qala, sərdabə, məscid və muzeylərə də rast gəlmək mümkündür.

Rayon ərazisində yerləşən ən məşhur çaylardan sayılan Bəsitçayın füsunkar təbiəti isə hələ də dillərdə dastandır. Araz çayının sol qolu olan Bəsitçayın uzunluğu 44 km, su toplayıcı hövzəsi isə 354 kvadratkilometrdir. Ətrafında nadir Şərq çinarları bitdiyi üçün  bu çay Bəsitçay Dövlət Təbiət Qoruğu ərazisində qorunurdu. Lakin mənfur düşmənin törətdiyi ekoloji terror aktlarının izlərini burada da görmək heç də çətin deyil. Çay Ermənistanın dağ kəndlərinin donuz fermalarının tullantıları, ağır metallar və məişət tullantıları  ilə çirkləndirilmiş, meşə zolağında üstünlük təşkil edən çinar və qoz ağacları vəhşicəsinə qırılaraq xarici ölkələrə və Ermənistana daşınmışdır. Bundan başqa, Ermənistan ordusunun əsgərləri tərəfindən qəsdən törədilmiş yanğınlar nəticəsində otlaq, biçənək və yaşıllıqlar, həmçinin meşə sahələri yanaraq məhv olmuş, torpağın üst münbit qatı yararsız hala düşmüşdür. Yanğınlar zamanı heyvanat aləminin bir qismi oradaca məhv olmuş, digər qismi isə qonşu areallara qaçaraq özlərinə sığınacaq tapmışdır.

Artıq bu terror davam etməyəcək. Çünki 20 oktyabr 2020-ci il tarixində Zəngilan ikinci Qarabağ müharibəsi zamanı müzəffər ordumuz tərəfinən düşmən tapdağından azad edilib. Regionun bu kimi ekoloji problemlərinin bərpası, bioloji müxtəlifliyinə vurulan zərərin minimuma endirilməsi ilə bağlı çox böyük işlərin aparılması artıq heç də uzaq deyil! İşğaldan azad olunan ərazilər də ölkəmizin digər guşələri kimi günü-gündən inkişaf edəcək, təbiəti və iqtisadiyyatı çiçəklənəcək, ekoloji tarazlıq bərpa olunacaq, cəmiyyətin davamlı inkişafı təmin ediləcək.

Aysel VƏLİYEVA, AMEA-nın Zoologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: