Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.02.2015 00:00
  • A-
  • A
  • A+

Azərbaycan Ərəbşünaslar Şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində təcrübə proqramının təqdimatı keçirilib

Azərbaycan Ərəbşünaslar Şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində təcrübə proqramının təqdimatı keçirilib

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan Ərəbşünaslar Şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində təcrübə proqramının təqdimat mərasimi keçirilib.

Təqdimatda Küveyt, Fələstin, Misir, İraq, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, İran Mədəniyyət Mərkəzinin direktoru və digər rəsmi qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli son zamanlar akademiyada həyata keçirilən islahatların mühüm istiqamətlərindən söz açıb. Bildirib ki, AMEA-nın uğurlu fəaliyyəti istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Onlardan biri də MEK-in yeni binasının istifadəyə verilməsi və burada fəaliyyətin müasir standartlara uyğun təşkilidir.

Təcrübə proqramının əhəmiyyətindən danışan akademik İ.Həbibbəyli qeyd edib ki, bu təşəbbüsə qoşulmaqla tələbələr AMEA-nın zəngin xəzinəsindən faydalanan mütəxəssis kimi öz təcrübələrini inkişaf etdirirlər. O, Şərq ədəbiyyatı fondunun fəaliyyətinin inkişafı istiqamətində təşkil olunmuş görüşü mühüm hadisə kimi dəyərləndirib.

Daha sonra çıxış edən BDU-nun İlahiyyat fakültəsinin dekanı, Ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev proqramın icrasından irəli gələn vəzifələri ictimai həyatda əhəmiyyətli təşəbbüs kimi qiymətləndirib.

MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova kitabxananın idarəetmə strukturunun təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər və kitabxana fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə həyata keçirilən layihələrdən danışıb. Bildirib ki, layihələrdən biri də AMEA-nın Əsas binasından kitabların Mərkəzi Elmi Kitabxanaya köçürülməsi işidir. Kitabxananın işçi personalı bu prosesə tam səfərbər olunub. Onlar təlimata uyğun olaraq kitabları müvafiq fonda görə ayırır və qeydiyyatını aparırlar.

L.İmanova gələcəkdə kitabxanada Şərq ölkələri ədəbiyyatını əks etdirən guşələrin təşkilini və həmin ölkələrlə davamlı informasiya mübadiləsi ənənəsi yaratmağı da məqsədəuyğun hesab edib.

Tədbirdə Şərq ədəbiyyatı fondunun rəhbəri Aidə Hüseynova fondun fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, burada nadir elmi kitablar, məcmuələr, dövrü mətbuat nüsxələri, həmçinin Şərq xalqlarının qədim və yeni tarixi, mənbəşünaslıq, dilçilik, ədəbiyyatşünaslıq, din, fəlsəfə, incəsənətə dair nəşrlər, alim-səyyahların əsərləri və Arxiv fondu mühafizə olunur. Fondda Türkiyə, İran, İraq, Misir, Suriya, Küveyt, Birləşmiş Ərəb Əmirliyi, Almaniya, ABŞ və başqa ölkələrdən mübadilə yolu ilə alınmış qiymətli kitablar toplanılıb. Bundan başqa, Arxiv fondunda 1920-ci ilə qədər ölkədə nəşr edilmiş inqlaba qədər və sonrakı dövrün kitabları və 64 adda dövrü mətbuat qorunub saxlanılır. Şərq ədəbiyyatı fondu istifadə baxımından alim və tədqiqatçılar üçün böyük əhəmiyyətə malik olub, həcmi 75 min nüsxədən artıqdır.

Tədbirdə ərəb və fars dilli mütəxəssislərin dil biliklərinin zənginləşdirilməsi istiqamətində müzakirələr aparılıb.

Sonda proqramda uğurlu iştirakına görə təcrübəçi tələbələrə rəsmi qonaqlar tərəfindən sertifikatlar təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: