www.science.az
18.02.2015 00:00

AMEA Folklor İnstitutunun əməkdaşları Tatarstanda keçirilmiş beynəlxalq konfransda iştirak edib

2015-ci il fevral ayının 11-12-də Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində türk xalqlarının folkloru və ənənəvi mədəniyyət məsələlərinə həsr olunmuş “Volqaboyu xalqlarının ənənəvi mədəniyyəti” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Tədbir Tatarstan Respublikası Mədəniyyət Nazirliyinin Respublika Dövlət Ənənəvi Mədəniyyət Mərkəzi və AMEA Folklor İnstitutu arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən təşkil edilib.

Konfransı giriş nitqi ilə Kazan Dövlət Universitetinin rektoru, Rusiya Federasiyası Humanitar Elmlər Akademiyasının həqiqi üzvü Rivkat Raşidoviç Yusupov açaraq keçirilən tədbirin əhəmiyyətindən danışıb.

Respublika Dövlət Ənənəvi Mədəniyyət Mərkəzinin direktoru Fənzilə Gövhərova multikulturalizm şəraitində ənənəvi mədəniyyətin qorunması və yaşadılması problemlərinə dair məruzə ilə çıxış edib.

Tatarıstanın mədəniyyət nazirinin müavini Quzel Niqmatullina ənənəvi mədəniyyətin qorunmasının vacibliyini vurğulayıb, konfransın işinə uğurlar arzulayıb.

Konfransın proqramına Folklor İnstitutunun direktoru Muxtar Kazımoğlunun “Folklorda doğru və yalan”, institutun şöbə müdirləri Ağaverdi Xəlilin “Oğuz toyu: epik ənənədə və müasir məişətdə”, Seyfəddin Rzasoyun “Azərbaycanda mifologiya elminin tarixi və aktual problemləri”, Tahir Orucovun “Azərbaycan folkloru və XX əsr Azərbaycan ədəbiyyatı” və digər mövzularda məruzələri daxil edilib.

İki gün beş bölmə üzrə davam edən konfransda 80 məruzə dinlənilib. Eyni zamanda konfransda folklorşünaslığın aktual problemlərinin müzakirə olunduğu “Dəyirmi masa”lar təşkil edilib, universitetin tələbələrindən ibarət folklor qruplarının çıxışları nümayiş etdirilib.

Konfransdan sonra A.Xəlil Tatarıstan Respublikası Elmlər Akademiyası Qalimcan İbrahimov adına Ədəbiyyat, Dil və Sənət İnstitutunun direktoru, TEA-nın müxbir üzvü Kim Minullinlə görüşüb, Folklor İnstitutu ilə gələcək əməkdaşlıq məsələlərini, o cümlədən bu ilin payızında keçirilməsi nəzərdə tutulan birgə konfransın təşkili ilə bağlı məsələləri müzakirə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.