www.science.az
20.02.2015 00:00

Göytəpə neolit dövrü qədim yaşayış yerindən aşkar olunmuş tapıntılara həsr olunmuş məqalə İngiltərənin beynəlxalq elmi jurnalında dərc edilib

Tovuz rayonunda yerləşən Göytəpə neolit dövrü qədim yaşayış yerindən aşkar olunmuş qədim bitki qalıqları analizlərinin nəticələrinə həsr olunmuş geniş elmi məqalə 2015-ci ilin yanvar ayında İngiltərədə nəşr olunan impakt faktorlu “Journal of Achaeological Science- Elsevier” beynəlxalq elmi jurnalında dərc edilib.

Abidədə aparılan tədqiqatların rəhbəri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev, Yaponiyanın, ABŞ-ın və İspaniyanın Yoşihiro Nişiaki, Çie Akaşi, Seici Kadovaki, Liza Maher, Marta Portillo və Roza M. Albert kimi paleobotanika elmləri üzrə aparıcı mütəxəsissləri məqalənin həmmüəllifləridirlər.

Məqalədə Göytəpə yaşayış məskənində aşkar edilmiş gildən hazırlanmış təsərrüfat quyularının içərisindəki torpağın tərkibinin geoarxeoloji və paleobotanik analizlərinin emalı prosesində əldə edilən taxıl, buğda və arpa qalıqları müəyyən edilmişdir. Beləliklə, dünyanın qabaqcıl elmi laboratoriyalarında aparılan analizlərin nəticələri Göytəpə yaşayış məskəni materialı timsalında neolit dövründə Azərbaycanda dövrü üçün qabaqcıl əkinçiliyin mövcudluğunu, qədim yerli əhali tərəfindən mədəni bitkilərin yetişdirildiyini göstərmişdir. Alınmış nəticələr, həmçinin neolitdə Azərbaycan əhalisinin dövrü üçün qabaqcıl aqrotexniki bilik və təcrübəyə malik olması barədə fikir yürüdülməsinə təkzibedilməz əsas verir.

Qeyd edək ki, F.Quliyev tərəfindən hazırlanmış və son illərdə Tovuz rayonunda aparılan neolit dövrü erkən kəndlərinin tədqiqatlarının nəticələri ilə bağlı daha bir elmi məqalə ABŞ-ın Boston Universitetində nəşr olunan impakt faktorlu “The American Schools of Oriental Research” beynəlxalq elmi jurnalında mart ayında dərc olunacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.