Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA institutlarının fəaliyyətinin qiymətləndirilməsinə dair reytinq göstəriciləri təqdim olunub
26.11.2013 00:00
  • A-
  • A
  • A+

AMEA institutlarının fəaliyyətinin qiymətləndirilməsinə dair reytinq göstəriciləri təqdim olunub

Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, Kibernetika İnstitutunun laboratoriya müdiri, professor Asəf Hacıyev AMEA Rəyasət Heyətinin iclasında akademiyanın elmi təşkilat və müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsinə dair reytinq göstəricilərini təqdim edib.

Qeyd edək ki, AMEA Rəyasət Heyətinin qərarı ilə akademiyada elmi müəssisələrin əsas elmi istiqamətləri və fəaliyyətinin qiymətləndirilməsi üzrə komissiya yaradılmışdır.

“ABŞ prezidenti Barak Obama 2009-cu ildə Amerika Milli Elmlər Akademiyasının illik yığıncağında bildirib ki, dünyada böhrandan bir çıxış yolu var – elm, texnologiya və innovasiyaları inkişaf etdirmək” – çıxışını bu fikirlərlə başlayan A.Hacıyev AMEA-nın elm və innovasiya sahəsindəki nailiyyətlərini müasir dünya standartlarına uyğun qiymətləndirməyə imkan verən meyarların işlənib hazırlanmasının Azərbaycan elminin inkişafında mühüm amillərdən olduğunu bildirib. Məruzəçi akademiyanın elmi-tədqiqat institutlarının, kitabxana və muzeylərin fəaliyyətinin qiymətləndirilməsinə dair reytinq göstəricilərini nəzərə çatdırıb. Alim beynəlxalq elmi informasiya bazalarına daxil olan tanınmış elmi jurnallarda nəşr olunan məqalələrin sayının artırılmasının vacibliyini bildirib: “Azərbaycan elmində əldə olunmuş nəticələrin beynəlxalq aləmdə təbliği istiqamətində ciddi tədbirlər görülməli, məqalələrin keyfiyyəti dünyada qəbul olunmuş tələblərə cavab verməlidir”. A.Hacıyev bildirib ki, impakt-faktorlu elmi jurnalların siyahısına düşmək, nüfuzlu jurnallarda elmi məqalələrin sayına görə yüksək göstəricilərə nail olmaq Azərbaycan elminin başlıca hədəflərindən olmalıdır.

İclasda Azərbaycan elminin dünya elmində rolunu və əhəmiyyətini əks etdirən göstəricilər müzakirə olunub, müxtəlif fikir və rəylər səsləndirilib.

Rəyasət Heyəti qiymətləndirmə istiqamətində işlərin davam etdirilməsi, elmi tədqiqatların nəticələri barədə impakt-faktorlu jurnallarda məqalələrin çap olunması və aparıcı beynəlxalq təşkilatlarla əlaqələrin gücləndirilməsinə dair qərar qəbul edib.

Bundan əlavə, təklif olunan yanaşma əsas kimi qəbul olunmuş və yanaşmanın təkmilləşdirilməsi üzərində işlərin davam etdirilməsi tövsiyə olunub. Yanaşma əsasında elmi-tədqiqat institutlarının laboratoriyaları üçün qiymtləndirmə sisteminin hazırlanması, alimlərə olan istinadları əks etdirən CRJ (Citation Report Journal) jurnalının AMEA-nın fundamental kitabxanası üçün alınmasına dair qərar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: