www.science.az
23.02.2015 00:00

Ermənilərin Xocalıda törətdikləri soyqırımı XX əsrin ən dəhşətli faciəsidir

Fevralın 23-də AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunan anım mərasimi keçirildi.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Xocalı soyqırımının təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu bildirdi.

AR Prezidenti cənab İlham Əliyevin ölkəmizin haqq səsinin dünyaya çatdırılması istiqamətindəki səylərini qeyd edən İ.Həbibbəyli Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi və Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın 100-dən çox ölkəsində tədbirlərin keçirildiyini qeyd etdi. O, bir çox dövlətlərdə “Xocalıya ədalət!” kampaniyasının həyata keçirilməsini yüksək dəyərləndirərək bu kimi tədbirlərin Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində mühüm addımlardan olduğunu söylədi.

AMEA Rəyasət Heyətinin 15 oktyabr 2014-cü il tarixli qərarı ilə yaradılmış “Azərbaycanlılara qarşı soyqırımların tədqiqi” komissiyasının fəaliyyətindən danışan İsa Həbibbəyli soyqırımı tədqiqatları ilə bağlı görülən işlər haqqında məlumat verdi. O, göstərilən istiqamətlər üzrə kitab və xəritələrin nəşri, tarixi mövzuda zəngin faktlarla əhatə olunan elmi məqalələrin xarici dillərə tərcümə olunaraq təbliğ edilməsinin ermənilərin uydurma “faktlar”a uyğun yaydıqları informasiyalara tutarlı cavab olduğunu vurğuladı.

Sonra filologiya üzrə elmlər doktoru Elçin Mehrəliyevin “Xocalı soyqırımı və ədəbiyyat harayı” mövzusunda məruzəsi dinlənildi. Məruzədə 23 il əvvəl baş vermiş və kifayət qədər ciddi faktların mövcud olduğu Xocalı soyqırımının tanıdılmasının hüquqi aspeklərindən bəhs olundu.

Tədbir çərçivəsində Nurəngiz Günün “Xocalı simfoniyası” əsəri əsasında çəkilmiş sənədli film nümayiş etdirildi.    

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.