Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir
24.02.2015 00:00
  • A-
  • A
  • A+

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir

Azərbaycanın görkəmli botanik-alimi, AMEA Nəbatat Bağının sabiq direktoru, AMEA-nın müxbir üzvü Oruc İbadlı fevralın 23-də ömrünün 77-ci ilində vəfat edib.

Oruc İbadlı 5 noyabr 1938-ci ildə Füzuli rayonunun Dövlətyarlı kəndində anadan olmuşdur. 1955-ci ildə Dövlətyarlı kənd orta məktəbini əla qiymətlərlə bitirmiş, təhsilini Gəncə Bədən Tərbiyəsi Texnikumunda davam etdirmişdir. Texnikumu bitirdikdən sonra H.Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun biologiya fakültəsinə daxil olmuş, həmin institutu müvəffəqiyyətlə başa vurmuşdur. 1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunun Nəbatat bağı şöbəsində kiçik elmi işçi vəzifəsində çalışmış, 1969-cu ildə həmin institutun aspiranturasına daxil olmuş, 1973-cü ildə “Azərbaycan florasından olan bəzi yabanı dekorativ bitkilərin bioloji xüsusiyyətləri və kulturası” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək biologiya elmləri namizədi adına layiq görülmüşdür. 1977-ci ildən Azərbaycan EA Botanika İnstitutunda böyük elmi işçi, 1988-ci ildən aparıcı elmi işçi vəzifələrində çalışmış, AMEA Rəyasət Heyətinin 4 fevral 2000-ci il tarixli qərarına əsasən Biologiya Elmləri Bölməsinin nəzdində fəaliyyət göstərən Mərkəzi Nəbatat bağının direktoru seçilmişdir.

Alim 200-dən çox elmi əsərin müəllifidir. Abşeron şəraitində geofit bitkilərinin 500-ə qədər növünün kolleksiyasını toplamışdır. Onların 150-dən çox növü təsərrüfat sahələrinə tətbiq olunmaq üçün təklif olunmuşdur.

Əsas elmi nailiyyətləri geofitlərin taksonomik tərkibi, həyatı formaları, Qafqazda yayılmasının öyrənilməsi və onların Abşeron şəraitində becərilmə aqrotexnikasını işləyib hazırlanması olmuşdur. Tədqiqatlar nəticəsində Qafqaz geofitlərinin konspekti tərtib olunmuş, 28 fəsilə 92 cinsdən olan 526 növün, o cümlədən 125 nadir və nəsli kəsilməkdə olan növün taksonomik həyatı formalarına görə 4 qrupa ayrılmışdır.

2004-cü ildə “Qafqazın geofitləri və onların Abşeronda introduksiyası” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, biologiya elmləri doktoru alimlik dərəcəsi almışdır.

Alimin “Qafqazın geofitləri”, “Konspekt qeofitov Kafkaza” və s. kimi əsərlərində Qafqaz geofitlərinin müasir taksonomik tərkibi hərtərəfli şəkildə öyrənilmişdir. “Qırmızı kitab”, Azərbaycan Sovet Ensiklopediyasının VI, IX, X cildlərinin həmmüəlliflərindən biridir.

2007-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının 60 illik yubleyi ilə əlaqədar “Tərəqqi” medalı və elmdə qazandığı nailiyyətlərinə görə AMEA-nın Fəxri Fərmanları ilə təltif edilmişdir.

Tanınmış alim və səmimi insan Oruc İbadlının xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

 

Allah rəhmət eləsin!

  • Paylaş: