Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA tərəfindən Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir
26.02.2015 00:00
  • A-
  • A
  • A+

AMEA tərəfindən Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir

AMEA tərəfindən Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir.

Bu məqsədlə faciənin ildönümü ərəfəsində AMEA Şəki Regional Elmi Mərkəzində, Riyaziyyat və Mexanika İnstitutunda və Təcrübə-Sənaye Zavodunda anım tədbirləri keçirilib.

Şəki Regional Elmi Mərkəzində təşkil olunmuş anım mərasimində bu elmi qurumun direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü 1992-ci il fevralın 26-da Xocalıda erməni quldurlarının keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayının iştirakı və dəstəyi ilə törətdikləri ağlasığmaz qəddarlıqdan söhbət açıb. O, ölkəmizin taleyüklü problemi olan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazisinin bir qisminin erməni vandalları tərəfindən işğalı zamanı törədilmiş vəhşiliklər, insan tələfatı barədə danışıb.

Tədbirdə professor Firədun İbrahimovun “Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir”, geologiya üzrə fəlsəfə doktoru Hüseyn Mustafabəylinin “Xocalı – hamımızın dərdi”, tarixçi-alim Həbibilla Manaflının “Erməni-rus ittifaqının xalqımıza qarşı yeritdiyi Xocalı soyqırımı”, Günel Musayevanın “Xocalını unutmayacağıq” və Yusif Rəhimovun “Xocalı yaddaşı” mövzusunda məruzələri dinlənilib.

Riyaziyyat və Mexanika İnstitutunda keçirilmiş anım tədbirində çıxış edən elmi müəssisənin direktoru, professor Misir Mərdanov xalqımızın qan yaddaşına əbədi həkk olunmuş faciə barədə məlumat verib, yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdışından sonra bu qanlı qırğına düzgün siyasi qiymət verildiyini vurğulayıb. Professor M.Mərdanov Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən danışıb.

Təcrübə-Sənaye Zavodunda keçirilmiş anım mərasimi Xocalı faciəsindən bir gün sonra Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin çəkdiyi kadrlardan ibarət filmin nümayişi ilə başlayıb.

Tədbirdə çıxış edən bu elmi qurumun direktoru Vasif Abbasov Xocalı faciəsini Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş terror aktı adlandırıb, Xocalıda törədilən soyqırıma bugünədək dünya tərəfindən lazımi qiymətin verilmədiyini bildirib.

Sonda Təcrübə-Sənaye Zavodunun əməkdaşları Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: