Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İtaliyada “Azərbaycanın ekoturizm potensialı” kitabının təqdimatı olmuşdur
25.11.2013 00:00
  • A-
  • A
  • A+

İtaliyada “Azərbaycanın ekoturizm potensialı” kitabının təqdimatı olmuşdur

AR Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının İtaliyadakı Səfirliyi və İtaliya-Azərbaycan Assosiasiyasının birgə təşkilatçılığı ilə Roma şəhərində I Azərbaycan – İtaliya Turizm Forumu keçirilmişdir.

Forum çərçivəsində AMEA alimlərinin hazırladığı “Azərbaycanın ekoturizm potensialı” kitabının təqdimatı olmuşdur.

Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin “Turizm ili” elan edilməsinə həsr edilmiş yeni nəşr Azərbaycan və ingilis dillərində çap olunmuşdur. “Şərq - Qərb” nəşriyyatında işıq üzü görmüş iki cilddən ibarət kitab Azərbaycanın ekoturizm potensialına, onun təbiəti, təbii sərvətləri və mədəni irsinə həsr edilmişdir.

Nəşrin həmmüəllifləri AR Dövlət, Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, AMEAAqrar Elmlər Bölməsinin akademik-katibi, akademik Qərib Məmmədov, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elman Yusifov, coğrafiya elmləri doktoru Mahmud Xəlilov və biologiya üzrə fəlsəfə doktoru Vüqar Kərimovdur.

Kitabın elmi redaktorları AMEA prezidenti, akademik Akif Əlizadə, AMEA-nın müxbir üzvləri İlham Ələkbərov və Tariyel Talıbovdur.

Azərbaycan təbiəti və təbii sərvətləri, mədəni irsi haqqında sistemli elmi-tədqiqat və informasiya mənbəyi olan bu monoqrafiyalar ekologiya və ekoturizm sahələri üzrə mütəxəssislər, ali məktəb tələbələri, elmi mütəxəssislər üçün dəyərli vəsait olmaqla yanaşı, turistlər və geniş oxucu kütləsi üçün də əhəmiyyətlidir.

Yeni nəşr iştirakçılar tərəfindən də maraqla qarşılanmışdır. İTAZERCOM Assosiasiyasının prezidenti Manuela Traldi, “Sgaravatti Garden” şirkətinin prezidenti Rosina Sgaravatti Azərbaycan təbiətinin İtaliyada tərənnümü və birgə əməkdaşlıq istiqamətində görüləcək işlərdən danışmışlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: