Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA prezidentinin başçılıq etdiyi nümayəndə heyətinin İsrailə səfəri davam edir
27.02.2015 00:00
  • A-
  • A
  • A+

AMEA prezidentinin başçılıq etdiyi nümayəndə heyətinin İsrailə səfəri davam edir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin başçılıq etdiyi nümayəndə heyətinin İsrailə səfəri davam edir.

Sözügedən səfərin Qüds şəhərində sonuncu günündə akademik Akif Əlizadə və onu müşayiət edən AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev və Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov İsrailin Xarici İşlər Nazirliyinin (XİN) Baş katibinin müavinləri Rafael Qamzo və Zvi Rav-Ner ilə görüşüb. İsrail XİN-nin Beynəlxalq Əməkdaşlıq Departamentinin rəhbəri Dan Stavın iştirakı ilə keçirilən görüşdə iki ölkənin alimləri arasında əməkdaşlıq, tələbə mübadiləsi və digər məsələlər müzakirə edilib.

Nümayəndə heyəti Təl-Əviv şəhərində yerləşən ölkənin ali təhsil müəssisəsi və çoxprofilli elmi-tədqiqat ocağı olan Veytsman adına İnstitutda da görüşlər keçirib. Bildirilib ki, institutda riyaziyyat, fizika, kimya, biologiya, informatika, həmçinin nevrologiya və beyin araşdırmaları sahələrində tədqiqat bölmələri fəaliyyət göstərir. Bundan əlavə, ali təhsil müəssisəsində ikinci və üçüncü akademik dərəcə almaq arzusunda olan tələbələri qəbul edən Faynberq adına Ali məktəb də fəaliyyət göstərir. Alimlərimiz institutun auditoriya və laboratoriyaları ilə tanış olub. Qonaqlara institutda ötən əsrin 50-ci illərinin əvvəllərində yaradılan ilk kompyuterlərdən biri də nümayiş etdirilib.

Daha sonra nümayəndə heyətinin iştirakı ilə İsrailin ən böyük ali təhsil müəssisələrindən biri sayılan Təl-Əviv Universitetində görüş keçirilib, həmçinin universitetin 9 fakültəsində 25 mindən artıq tələbənin təhsil aldığı qeyd edilib. Görüşdə İsrailin faydalı qazıntıları haqqında maraqlı mühazirə dinlənilib. Mühazirədə vurğulanıb ki, İsrail alimləri karbohidrogen axtarışı zamanı Azərbaycan alimlərinin təcrübəsindən də istifadə edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: