Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Geologiya və Geofizika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
02.03.2015 00:00
  • A-
  • A
  • A+

AMEA Geologiya və Geofizika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib

Fevralın 27-də AMEA Geologiya və Geofizika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.

Tədbiri elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov açaraq gündəlikdəki məsələlərlə bağlı məlumat verib. O, ilk olaraq “Karbohidrogen yataqlarının işlənilməsi üzrə investisiya layihələrinin qiymətləndirilmə meyarları və onların istifadəsi” mövzusunda tədqiqatlardan danışıb. Bildirib ki, bu istiqamətdə işlər karbohidrogen yataqlarının mövcud ehtiyatlarından səmərəli istifadə olunması baxımından böyük əhəmiyyət kəsb edir. Bunu nəzərə alan institutun əməkdaşları son illər aparmış olduqları tədqiqatlardan mühüm nəticələr əldə ediblər.

Sonra institutun Neft yataqlarının işlənilməsi şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Arif Quliyev sözügedən nəticələr barədə məruzə ilə çıxış edib. O, araşdırmaların məqsədini neft ehtiyatlarının üzunmüddətli səmərəli mənimsənilməsinin təmin edilməsi ilə əlaqələndirib. Məruzəçi təklif olunan yeni meyarlara əsaslanaraq tövsiyə edib ki, neft verimini artıran üsulların tətbiqinə mümkün qədər yatağın işlənilməsinin erkən dövrlərində başlanılması daha məqsədəuyğundur.

Tədqiqatların nəticələri geniş müzakirə olunub, suallar cavablandırılıb. Məruzə Elmi Şuranın qərarı ilə qəbul olunub.

İclas elmi-təşkilati məsələlərin müzakirəsi ilə davam etdirilib. “Çoxlaylı qaz və qazkondensat yataqlarının işlənilməsi prosesinin modelləşdirilməsi”, “Prioritet istiqamətlərin seçilməsi məqsədi ilə neft geologiyası, geokimyası, geofizikası, neft və qaz yataqlarının işlənilməsi sahələrində nəşrlərin elmimetrik təhlili” mövzularında məruzələr dinlənilib.

Tədbirdə, həmçinin AMEA-nın Rəyasət Heyəti tərəfindən tövsiyə olunan “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” elmi-tədqiqat proqramı haqqında məlumat verilib, TÜBİTAK-la əməkdaşlıq proqramı çərçivəsində hazırlanmış “Yerüstü çöküntülərdə radon sahəsinin formalaşmasının ekoloji risk ilə əlaqədar geotektonik müşahidəsi” layihəsi müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: