Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Genetik modifikasiya olunmuş məhsulların hüquqi tənzimlənməsi və risklərin qiymətləndirilməsi” mövzusunda beynəlxalq seminar öz işinə başladı
23.04.2015 00:00
  • A-
  • A
  • A+

“Genetik modifikasiya olunmuş məhsulların hüquqi tənzimlənməsi və risklərin qiymətləndirilməsi” mövzusunda beynəlxalq seminar öz işinə başladı

Aprelin 27-də Avropa İttifaqı (Aİ) və AMEA İnsan Hüquqları İnstitutunun birgə əməkdaşlığı ilə “Genetik modifikasiya olunmuş məhsulların (GMO) hüquqi tənzimlənməsi və risklərin qiymətləndirilməsi” mövzusunda beynəlxalq seminar öz işinə başladı.

Seminarda Milli Məclisin deputatları, beynəlxalq ekspertlər, eləcə də ali məktəblərin, nazirlik və komitələrin nümayəndələri, alimlər və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan AMEA İnsan Hüquqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru Aytən Mustafayeva Azərbaycanda GMO məhsullarının idxalı, istehsalı və dövriyyəsinin qadağan edilməsi məsələlərindən danışdı. O, son dövrlərdə bu məsələ ilə bağlı Milli Məclisdə Cinayət və İnzibati Xətalar Məcəllələrinə yeni maddələrin əlavə olunmasının ciddi müzakirəsinin aparıldığını diqqətə çatdırdı.

A.Mustafayeva qeyd etdi ki, Aİ-nin TAİEX proqramı çərçivəsində reallaşan seminarın məqsədi Azərbaycanda GMO məhsulları sahəsində hüquqi bazanın təkmilləşdirilməsi və Azərbaycan qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması, ərzaq təhlükəsizliyinin və əhalinin sağlamlığının gücləndirilməsi istiqamətində təkliflərin verilməsidir.

Tədbirin Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini söyləyən institut direktoru müzakirə olunan məsələlərin gələcəkdə ölkəmizdə bu sahədə mövcud qanunvericiliyin təkmilləşdirilməsinə öz töhfəsini verəcəyinə inamını ifadə etdi.

Daha sonra çıxış edən Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov və Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, akademik Ziyad Səmədzadə çıxış edərək bu məsələnin Azərbaycan ictimaiyyəti, eləcə də, dövlət idarəçiliyi üçün aktual problem olduğunu bildirdilər.

Müzakirələr zamanı Azərbaycanda genetik modifikasiya olunmuş məhsulların (GMO) bir sıra aspektləri ətrafında geniş fikir mübadiləsi aparıldı, iştirakçılar müzakirə olunan məsələ ilə bağlı təklif və mülahizələrini bildirdilər.

İki gün davam edəcək beynəlxalq tədbirdə Azərbaycanda GMO məhsullarının bir sıra aspektləri ətrafında geniş fikir mübadiləsi aparılacaq.

<i>© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.</i>

  • Paylaş: