Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Əfqanıstanın Azərbaycandakı səfiri Mərkəzi Elmi Kitabxanada olub
22.04.2015 00:00
  • A-
  • A
  • A+

Əfqanıstanın Azərbaycandakı səfiri Mərkəzi Elmi Kitabxanada olub

Əfqanıstanın Azərbaycandakı səfiri Mohammad Taqi Xalili Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) olub.

Əvvəlcə diplomat kitabxananın sərgi və oxu zallarını gəzib, nadir kitablar və şərq ədəbiyyatı fondlarında saxlanılan elmi və tarixi əhəmiyyətli nəşrlər, irihəcmli və miniatür kitablarla tanış olub. Sərgi zalında dünya ədəbiyyatının görkəmli nümayəndələrinin, Nobel mükafatı laureatlarının əsərlərinin Azərbaycan dilinə tərcümə edilən nəşrləri, müxtəlif dillərdə elmi nəşrlər və ensiklopediyalar səfirdə maraq oyadıb.

Görüşdə MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru L.İmanova Azərbaycan və Əfqanıstan arasında tarixi dostluq əlaqələrindən, kitabxanaçılıq sahəsində əməkdaşlığın yaradılması ilə bağlı prioritetlərdən söz açıb, əməkdaşlıq üçün potensialın olduğunu vurğulayıb.

Direktor kitabxananın fəaliyyət istiqamətləri barədə danışaraq qeyd edib ki, məqsəd ölkədə müasir kitabxana sistemini yaratmaq və bu sistem vasitəsilə ölkəmizin dünya informasiya məkanına inteqrasiyasını təmin etməkdir.

Daha sonra AMEA-nın alimləri üçün Əfqanıstan elektron kitabxanalarına daha geniş çıxış imkanlarının yaradılması, Azərbaycana dair materialların rəqəmsal versiyasının, həmçinin Əfqanıstanın siyasi-mədəni tarixinin, bədii irsinin daha dərindən öyrənilməsi üçün müxtəlif resursların, kitabların, elektron materialların MEK-ə təqdim edilməsi və digər istiqamətlərdə fəaliyyət mövzuları müzakirə olunub. MEK ilə Əfqanıstan elmi kitabxanaları arasında vahid kataloq sisteminin yaradılması və təcrübə mübadiləsinin həyata keçirilməsi barədə təkliflər səsləndirilib.

Mohammad Taqi Xalili Azərbaycan ilə Əfqanıstanı yaxın mədəni irslərin birləşdirdiyini və bu istiqamətdə gələcək əməkdaşlıq üçün ortaq maraqların olduğunu vurğulayıb. Səfir Azərbaycanın kitabxana işi sahəsindəki zəngin təcrübəsinin əfqanıstanlı mütəxəssislər tərəfindən də öyrənilməsini vacib hesab edib. Eyni zamanda, Əfqanistanın tarixinin və mədəni irsinin Azərbaycan vətəndaşları və tədqiqatçıları üçün daha əlyetərli olması istiqamətində mümkün dəstəyi təmin edəcəyini söyləyib. Səfir Dağlıq Qarabağ məsələsinə də toxunub, hər iki ölkənin müharibədən əziyyət çəkdiyini söyləyib və bu məsələdə Əfqanıstanın daim Azərbaycanın yanında olacağını qeyd edib.

Sonda L.İmanova dahi bəstəkar Ü.Hacibəylinin “Koroğlu” əsərinin və digər əsərlərinin partituralarını, Azərbaycan miniatür sənətinin əks olunduğu nəşri səfirə təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: