Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Çanaqqala-Türkün şərəf tarixi” mövzusunda elmi konfrans keçirilib
20.04.2015 00:00
  • A-
  • A
  • A+

“Çanaqqala-Türkün şərəf tarixi” mövzusunda elmi konfrans keçirilib

AMEA Naxçıvan Bölməsində Çanaqqala zəfərinin 100 illiyi ilə əlaqədar “Çanaqqala-Türkün şərəf tarixi” mövzusunda elmi konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev Çanaqqala zəfərinin məhv olmaq təhlükəsi ilə üz-üzə qalan bir ölkənin möhtəşəm qələbəsi kimi əfsanəyə çevrildiyini, hər bir türk vətəndaşının xatirəsində əbədiləşdiyini bildirib.

Qeyd edib ki, türk tarixinin qəhrəmanlıq salnaməsi olan Çanaqqala döyüşü Birinci Dünya müharibəsi illərində (1914-1918), daha dəqiq desək, 1915-1916-cı illərdə Osmanlı dövləti ilə İttifaq dövlətləri (İngiltərə, Fransa və s.) arasında dənizdə və quruda aparılan böyük döyüş olmuşdur. Həmin dövrdə İttifaq dövlətləri Osmanlı dövlətinin paytaxtı İstanbulu işğal edərək boğazları ələ keçirmək və bununla da Rusiya üçün etibarlı ticarət və hərbi yol açmaq istəyirdilər. Eyni zamanda, onlar Almaniyanın müttəfiqlərindən olan Osmanlı dövlətini zəiflətmək məqsədilə Çanaqqalanı hədəf seçmişdilər. Çünki Çanaqqalanın işğal edilməsi bütünlükdə Osmanlı dövlətinin tamamilə məhv edilməsi demək idi. Lakin İttifaq dövlətlərinin qoşunlarının çoxsaylı hücumları uğursuzluqla nəticələnmişdir. Məşhur Çanaqqala döyüşü Osmanlı dövlətinin möhtəşəm qələbəsi kimi tarixə düşmüş, hər bir vətəndaşın xatirəsində qalmışdır.

İ.Hacıyev qanlı Çanaqqala döyüşlərində üç min azərbaycanlı əsgərin şəhid olduğunu bildirib.

Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Qadir Qadirzadə “ Çanaqqala döyüşləri: faciə, soyqırım və zəfər”, həmin institutun şöbə müdiri, dosent Emin Şıxaliyev “Çanaqqala döyüşləri: pərdəarxası məqamları və tarixi əhəmiyyəti mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələrdə Çanaqqala zəfərinin Türkiyənin tarixindəki əhəmiyyətindən bəhs edilib.

Tədbir çərçivəsində Çanaqqala zəfərindən bəhs edən foto-slayd nümayiş etdirilib. Konfransa bölmənin sədri, akademik İsmayıl Hacıyev yekun vurub.

<i>© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.</i>

  • Paylaş: