Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Azərbaycanda nəsli kəsilmək təhlükəsi altında olan flora növləri və son zamanlar təsvir edilmiş yeni növlər” mövzusunda tədbir keçirilib
21.04.2015 00:00
  • A-
  • A
  • A+

“Azərbaycanda nəsli kəsilmək təhlükəsi altında olan flora növləri və son zamanlar təsvir edilmiş yeni növlər” mövzusunda tədbir keçirilib

IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin Resurs Mərkəzində “Azərbaycanda nəsli kəsilmək təhlükəsi altında olan flora növləri və son zamanlar təsvir edilmiş yeni növlər” mövzusunda elmi-praktiki seminar keçirilib.

Nəzəri və praktiki hissələrdən ibarət olan seminarda ekologiya, biologiya və digər oxşar ixtisaslar üzrə təhsil alan və ya bu sahələrdə çalışan 30-dan çox gənc iştirak edib.

Seminarın nəzəri hissəsində ekspert qismində AMEA Botanika İnstitutunun əməkdaşı, b.ü.f.d. Pərvanə Qaraxani çıxış edib. O, Azərbaycanda rast gəlinən nadir, nəsli kəsilmək təhlükəsi ilə üzləşən bitkilər və endemlər, toponim, dekorativ, tibbi və iqtisadi əhəmiyyətli bitkilər barədə ətraflı məlumat verib.

Praktiki hissə zamanı isə iştirakçılar Botanika İnstitutunun Herbari Fondu, muzey və spektral-analitik laboratoriya və Mərkəzi Nəbatat Bağını ziyarət ediblər.

Gənclər sözügedən laboratoriyada istifadə olunan avadanlıqlar və onların iş prinsipi ilə yaxından tanış olub, aparılan təcrübələrdə iştirak ediblər. Gənc mütəxəssislərə, həmçinin bitki növlərinin laboratoriya şəraitində yetişdirilməsi və nəsli kəsilməkdə olan bitkilərin artırılması üsulları öyrədilib.

İki gün davam edən seminar gənclərin böyük marağına səbəb olmaqla yanaşı, onlar üçün faydalı nəzəri və praktiki bilik əldə etmək imkanı yaradıb.

Qeyd edək ki, IDEA İctimai Birliyi mütəmadi olaraq ətraf mühit sahəsində təhsil alan və ya çalışan gənclərin daha dərin biliklərə yiyələnməsi, onların mütəxəssislərin təcrübəsindən faydalanması məqsədilə seminarlar, dəyirmi masalar və təlim kursları təşkil edir.

<i>© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.</i>

  • Paylaş: