Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA ilə “Azərsu” ASC arasında Niyyət Sazişi imzalandı
20.04.2015 00:00
  • A-
  • A
  • A+

AMEA ilə “Azərsu” ASC arasında Niyyət Sazişi imzalandı

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) nümayəndə heyətilə görüş keçirildi. Tədbiri AMEA prezidenti, akademik Akif Əlizadə açaraq görüşün əhəmiyyətindən danışdı. Bildirdi ki, əsas məqsəd müxtəlif istiqamətlər üzrə əməkdaşlıq imkanlarını müzakirə etməkdir. Alim bu gün imzalanacaq sazişin gələcəkdə də iki qurum arasında əməkdaşlığın inkişafına və birgə mühüm tədbirlərin həyata keçirilməsinə rəvac verəcəyini bildirdi.

A.Əlizadə innovativ texnologiyaların axtarışı və tətbiqi, yer kürəsində qlobal iqlim dəyişmələrinin su ehtiyatlarına təsirini və dünyada su qıtlığı tendensiyasını, həmçinin tullantıların emalı üzrə müasir texnologiyaları nəzərə alaraq qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində respublikada mövcud vəziyyətin birgə qiymətləndirilməsinin zəruriliyini önə çəkdi.

Alim bu gün ölkədə mövcud olan hidrogeoloji problemlər, su təchizatı və bu sahədəki texniki çatışmazlıqlardan danışdı. AMEA-nın müvafiq sahədə “Azərsu” ASC-nə hər zaman köməklik göstərməyə hazır olduğunu dedi. O, müxtəlif istiqamətlərdə birgə fəaliyyət göstərməyin hər iki qurum üçün səmərəli nəticələr verəcəyinə inamını bildirdi.

AMEA-nın bu gün geniş imkanlara malik olduğunu, son 2 il ərzində xeyli müsbət dəyişikliklərin baş verdiyini nəzərə çatdıran akademik Akif Əlizadə akademiyanın maddi-texniki bazasının daha da möhkəmləndiyini, innovativ texnologiyalarla zənginləşdiyini vurğuladı.

Sonra “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov çıxış edərək rəhbərlik etdiyi qurumun AMEA-nın elmi potensialından istifadə etmək niyyətində olduğunu diqqətə çatdırdı. Bildirdi ki, ölkə Prezidentinin hər 1 vətəndaşın etibarlı, təmiz və fasiləsiz su ilə təmin olunması ilə bağlı xüsusi tapşırığına əsasən, hazırda “Azərsu” iri həcmli layihələr həyata keçirir. O, Abşeron yarımadası üçün hazırlanmış master plandan söz açaraq qeyd etdi ki, plana əsasən yarımadaya 8 min kilometr uzunluğunda su xətti çəkilməli, 7 min kilometr uzunluğunda kanalizasiya xətti tikilməlidir. Eyni zamanda mövcud şəbəkənin 2 min kilometri yenilənməlidir.

“Dünyada texnologiyalar sürətlə inkişaf edir və bu texnologiyaların özəyində alimlər dayanır” deyə bildirən Q.Hüseynov AMEA ilə əməkdaşlığın müsbət nəticələr verəcəyinə inamını ifadə etdi, elmə, alimlərə söykənməyin vacibliyini vurğuladı.

Sonda AMEA və “Azərsu” ASC arasında “Elm və innovasiyaların tətbiqi sahəsində birgə fəaliyyətə dair” Niyyət Sazişi imzalandı. Sazişdə elm və innovasiyaların tətbiqi sahəsində müvafiq əməkdaşlıq və qarşılıqlı olaraq dəstəyin verilməsi, aktual elmi istiqamətlərin müəyyənləşdirilməsi və strateji planlaşdırılması, respublikada həyata keçirilən mühüm layihələr üzrə innovativ texnologiyaların tətbiqi istiqamətində elmi-tədqiqat işlərinin aparılması və s. məsələlər öz əksini tapıb. Bu sənəd çərçivəsində gələcəkdə də müvafiq istiqamətlərdə birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

<i>© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.</i>

  • Paylaş: