www.science.az
04.03.2015 00:00

AMEA Geologiya və Geofizika İnstitutunda gənc alimlərin ilk elmi seminarı keçirilib

AMEA Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) elmi seminarlar üzrə iş planı qurumun rəhbərliyi tərəfindən təsdiqlənib. Bu gün ilk elmi seminarını keçirən gənc alimlər “Azərbaycanın palçıq vulkanlarının püskürməsinin 3D təsvir modeli” mövzusu ətrafında toplaşıblar. GAMŞ-ın sədri, geologiya üzrə fəlsəfə doktoru Orxan Abbasovun rəhbərliyi ilə aparılan tədbirdə institutun palçıq vulkanizmi şöbəsinin mühəndisi Arif Hüseynov mövzu üzrə məruzə ilə çıxış edib. O, unkial təbii geoloji hadisə olan palçıq vulkanlarının püskürməsini müasir elmi-texniki kompyuter proqramlarının imkanları çərçivəsində 3D formatında təsvir etmək üçün gördüyü işlərdən danışıb. O, bu tip vulkanların zəlzələ və neft yataqları ilə əlaqəsindən də bəhs edib.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb. Tədbir işlərin nəticələrinin müzakirəsi ilə başa çatıb.

Gənc alimlərin elmi seminarlarının təşkilində məqsəd magistratura və fəlsəfə doktorluğu üzrə təhsil alan, eləcə də şöbələrdə vakant vəzifələrə yiyələnmək istəyən gənclərin elmi məruzələrinin dinlənilməsidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.