Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.03.2015 00:00
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyəti Aparatının II Xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirildi

AMEA Rəyasət Heyəti Aparatının II Xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirildi

AMEA Rəyasət Heyəti Aparatının II Xüsusi Şöbəsində «Azərbaycan Respublikasının seysmik zonaları və bu zonalarda aktivliyin artması fonunda baş verə biləcək zəlzələlər”, “Elmi müəssisə və təşkilatlarda Hərbiləşdirilməmiş Mülkü Müdafiə dəstəsi ilə xəbərdarlıq və toplanış məşqinin keçirilməsi metodikasının öyrənilməsi” mövzusunda seminar-məşğələ keçirildi.

Tədbiri giriş sözü ilə açan şöbənin rəisi Eldar Quliyev respublika ərazisində ehtimal olunan təbii fəlakətlərin, istehsalat qəzalarının xarakteristikası haqqında məlumat verərək, Azərbaycan Respublikasının ərazisi üçün ən çox səciyyəvi olan təbii fəlakətlər – zəlzələ, sel, sürüşmə, daşqınlar və bir sıra dağlıq rayonlarda dağ uçqunlarının olduğunu vurğuladı. Bildirdi ki, Azərbaycan selə ən çox məruz qalan ölkələrindən biridir.

Tədbiri davam edən Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Etibar Qaravəliyev Azərbaycanda zəlzələ zonaları ilə bağlı tədqiqatların aparılmasında son zamanlar müşahidə olunan aktivliyin artması səbəblərini izah edərək məruzəsini əks etdirən slayd nümayiş etdirdi. Tədqiqatçı bildirdi ki, zəlzələ yerin təkində süxurların yerdəyişməsi sayəsində yer qabığının müəyyən sahələrinin titrəməsidir. Respublikamızın bütün ərazisi zəlzələ təhlükəli (seysmik) zona sayılır. Şamaxı-İsmayıllı, Şəki-Balakən, Gəncə-Göygöl və Naxçıvan Muxtar Respublikasının rayonları 9 baladək zəlzələ ehtimallı zonalar sayılır. Belə zonalar ərazimizin dörddə biri qədərini təşkil edir, burada əhalinin təxminən 20 faizi yaşayır.

İkinci məsələ ilə bağlı çıxış edən şöbənin baş mütəxəssisi Əlimərdan Məhəmmədov ehtimal olunan fövqəladə hallar zamanı “xəbərdarlıq-toplanış” siqnalı verildikdə Hərbiləşdirilməmiş Mülkü Müdafiə dəstəsinin dərhal nə etməli olduğunu ardıcıllıqla izah etdi. Baş verə biləcək hər hansı bir kütləvi təhlükə zamanı MM qüvvələrinin xəbərdarlıq toplanış sxemi üzrə təyin olunmuş yerdə və müəyyən olunmuş vaxtda toplanmalarının MM qərargah rəislərinin başlıca vəzifəsi kimi dəyərləndirdi.

Tədbirdə, həmçinin elmi təşkilatlarda mülki müdafiə zamanı istifadə olunan texniki avadanlıqların və cihazların iş prinsiplərindən danışılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.

  • Paylaş: