www.science.az
10.03.2015 00:00

“Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində biotəhlükəsizlik və biomüdafiə imkanlarının gücləndirilməsi“ proqramı çərçivəsində Azərbaycan alimlərinin layihəsi uğurla davam etdirilir

AMEA Botanika İnstitutunun Bioloji Məhsuldarlığın Fundamental Problemləri şöbəsinin müdiri, akademik Cəlal Əliyevin rəhbərliyi altında Avropa Birliyində Birləşmiş Millətlər Təşkilatının Regionlararası Cinayət və Hüquq Tədqiqatları İnstitutunun (UNİCRİ) “Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində biotəhlükəsizliyin və biomüdafiə imkanlarının gücləndirilməsi“ proqramı çərcivəsində “Azərbaycana idxal olunan kənd təsərrüfatı bitkilərinin, toxumların müxtəlif xəstəliklərinin və GMO məhsulların molekulyar diaqnostikası“na həsr olunmuş iki illik layihə uğurla həyata keçirilir.

1 il müddətində layihə çərçivəsində yerinə yetirilən tədqiqatların nəticələri və maliyə prosesləri haqqında hesabat vermək üçün layihənin iştirakçısı b.ü.f.d. Ələmdar Məmmədov 2-5 mart 2015-ci il tarixlərində UNİCRİ-nin İtaliyanın Turin şəhərində yerləşən baş ofisinə dəvət olunub. UNİCRİ-nin baş ofisində o, Layihələrin Monitorinqi və Qiymətləndirməsi şöbəsinin rəhbəri xanım İtziar Arispe, Kimyəvi, Bioloji, Radioloji və Nüvə (CBRN) Materialları üzrə baş məsləhətçi Dr. Horst Stoebel və layihələrin yerinə yetirilməsinə nəzarəti həyata keçirən, proqramın rəhbəri Dr. Odhran James McCarthy ilə görüşüb. Ə.Məmmədov bir il ərzində layihə çərçivəsində yerinə yetirilmiş işlər, layihənin maliyə dəstəyi ilə alınmış cihazlar və kimyəvi reagentlər, Bakı şəhərində layihə çərçivəsində bitkilərin virus və fitoplazma xəstəliklərinin molekulyar diaqnostikasına həsr olunmuş iki elmi-praktiki seminarlar, Azərbaycanın müxtəlif bölgələrində aparılmış monitorinqlər, toplanmış bitki nümunələri və alınmış nəticələr haqqında geniş məlumat verib.

Eyni zamanda, proqramın rəhbəri Odhran James McCarthy ilə layihənin maliyə hissəsi geniş analiz edilib və ikinci il üçün ayrılacaq maliyənin miqdarı və şərtləri müəyyən edilib. Sonda layihə bir daha nəzərdən keçirilib və ikinci il ərzində tamamlanmalı olan işlərin planı dəqiqləşdirilib.

Qeyd etmək lazımdır ki, 2013-cü ilin sonunda Dr. Horst Stoebel və Dr. Odhran James McCarthy layihə ilə bağlı AMEA Botanika İnstitutu Bioloji Məhsuldarlığın Fundamental Problemləri şöbəsində olublar. Şöbənin fəaliyyət istiqamətləri, mövcud şəraitlə yaxından tanış olan qonaqlar layihənin uğurlu olacağına ümid etdiklərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.