Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Böyük Vətən Müharibəsinin Qələbəsində Azərbaycan alimlərinin rolu” mövzusunda beynəlxalq konfransla bağlı Komissiyanın iclası keçirilib
17.03.2015 00:00
  • A-
  • A
  • A+

“Böyük Vətən Müharibəsinin Qələbəsində Azərbaycan alimlərinin rolu” mövzusunda beynəlxalq konfransla bağlı Komissiyanın iclası keçirilib

Məlumdur ki, cari il mayın 9-da 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 70 illik yubileyidir. Yubileyin keçirilməsini təmin etmək məqsədilə Müstəqil Dövlətlər Birliyi ölkələri hökumət başçıları Şurasının 28 fevral 2014-cü il tarixli qərarı ilə “Əsas Tədbirlər Planı” təsdiq edilmişdir. Tədbirlər Planına görə, 5 may 2015-ci ildə Respublika Veteranlar Şurası ilə birlikdə “Böyük Vətən Müharibəsinin Qələbəsində Azərbaycan alimlərinin rolu” mövzusunda beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə AMEA Rəyasət Heyəti aparatında Komissiya yaradılıb və sədri AMEA-nın vitse-prezidenti, akademikİbrahim Quliyev təyin edilib. Bu gün AMEA Rəyasət Heyəti aparatında həmin komissiyanın iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylibildirib ki, 11 fevral 2015-ci il tarixdə AMEA Rəyasət Heyəti 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 70-ci ildönümünə həsr olunmuş tədbirlər haqqında qərarlar qəbul edib. Həmçinin Prezident İlham Əliyev “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında cari il fevralın 23-də Sərəncam imzalayıb.

Akademik İsa Həbibbəyli Georgi Zaplatinin Azərbaycan alimlərinin Böyük Vətən müharibəsinin qələbəsinə verdiyi töhfələri əks etdirən “Vətənə və elmə xidmət etdilər...” kitabının yenidən işlənilmiş variantının nəşrinin təmin edilməsinin məqsədəuyğun olduğunu nəzərə çatdırıb. Onun sözlərinə görə, AMEA-nın Tarix İnstitutunda Böyük Vətən Müharibəsini araşdıran alim və tədqiqatçıların sayı kifayət qədər deyil: “İnstitutda bu istiqamətdə araşdırmaların dərinləşdirilməsi ilə bağlı tədbirlər görülməlidir. Hazırda Azərbaycan müharibə şəraitində yaşadığından bu kimi tədqiqatlara daha böyük önəm vermək lazımdır”.

Sonra AMEA-nın Veteranlar Şurasının sədri, AMEA-nın müxbir üzvü Rafiq Qasımov çıxış edərək “Azərbaycan alimlərinin Böyük Vətən müharibəsinə verdiyi töhfələr” mövzusunda keçiriləcək konfrans haqqında məlumat verib. Bildirib ki, ölkədə Böyük Vətən müharibəsi iştirakçısı olan 8 Azərbaycan alimi var ki, onlardan 3-ü (İsmayıl İbrahimov, Maqsud Əliyev və Məhərrəm Məmmədyarov) akademiyanın həqiqi üzvüdür.

Sonra II Xüsusi şöbənin rəisi Eldar Quliyev çıxış edib. Bildirib ki, Rusiyanın paytaxtı Moskvada Böyük Vətən müharibəsində qələbənin 70 illiyinə həsr olunan “Biz nasizmə qarşı birlikdə idik” mövzusunda beynəlxalq sərgi layihəsi keçiriləcək. Layihədə AMEA-nın da iştirakı nəzərdə tutulur.

Tədbirdə çıxış edən Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, AMEA Beynəlxalq əlaqələr idarəsinin Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin rəisi, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva konfrans çərçivəsində təşkil olunacaq sərgilər haqqında məlumatları diqqətə çatdırıblar. N.Vəlixanlı II Dünya Müharibəsi ilə əlaqədar Tarix Muzeyi tərəfindən nəşr edilmiş kataloq barədə də ətraflı məlumat verib.

Sonda Böyük Vətən müharibəsində qələbənin 70 illik yubileyi münasibətilə müvafiq tədbirlərin keçirilməsini təmin etmək məqsədilə bir sıra qərarlar qəbul edilib. Akademik Nailə Vəlixanlıya tapşırılıb ki, Moskva şəhərində keçiriləcək “Nasizmə qarşı birlikdə idik” sərgisində Azərbaycan Milli Elmlər Akademiyasının iştirakından irəli gələn məsələləri həll etsin.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: