Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi konsepsiyası”nın layihəsi elmi ictimaiyyətə təqdim edilib
19.03.2015 00:00
  • A-
  • A
  • A+

“Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi konsepsiyası”nın layihəsi elmi ictimaiyyətə təqdim edilib

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.

Əvvəlcə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli elmi-tədqiqat müəssisəsinin əməkdaşlarını Novruz bayramı münasibətilə təbrik edərək, onlara institutun rəmzini özündə əks etdirən xatirə hədiyyələri təqdim edib.

İnstitutun təsis etdiyi mükafatların qaliblərini elan edən akademik İsa Həbibbəyli AMEA-nın müxbir üzvü Əliyar Səfərli və professor Elməddin Əlibəyzadəyə “İlin alimi” nominasiyası üzrə mükafatları, professor Nüşabə Araslı və arxiv şöbəsinin müdiri Rəna Mustafayevaya isə Xurşidbanu Natəvan mükafatını təqdim edib.

Sonra akademik İsa Həbibbəyli “Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi konsepsiyası”nın layihəsini elmi ictimaiyyətə təqdim edib. Bildirib ki, layihədə ədəbiyyat tarixinin dövrləşdirilməsi istiqamətində 9 mərhələ üzrə inkişaf proseslərinin xarakteristikası şərh edilib. Bu gün ədəbiyyatşünaslıq elmi qarşısında hadisə sayıla biləcək, böyük aktuallıq kəsb edən Azərbaycan ədəbiyyatının dövrləşdirilməsi konsepsiyası haqqında fakt və əsaslandırmalarla çıxış edən akademik müəllifi olduğu konsepsiyanın layihəsi barədə ətraflı və konseptual şərh verib.

Akademik İ.Həbibbəyli institutda aparılan geniş miqyaslı tədqiqat işləri, xüsusilə 10 cilddə çap edilməsi nəzərdə tutulan“Azərbaycan ədəbiyyatı tarixi” çoxcildliyinin hazırkı vəziyyəti, “Kitabi-Dədə Qorqud” dastanlarının bir neçə dildə nəşrə hazırlanması prosesi, Azərbaycan ədəbiyyatı antologiyasının nəşri barədə də məlumat verib.

Sonra filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı Novruz bayramı haqqında məruzə ilə çıxış edib.

Tədbirdə institutun elmi işlər üzrə direktor müavini, professor Məmməd Əliyev“Ədəbi proses-2014” elmi sessiyasına hazırlıq işlərinin vəziyyətindən danışıb. İnstitutun elmi katibi, professor Bədirxan Əhmədov fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə dissertant və doktorantların attestasiyalarının nəticələri, filologiya elmləri doktoru Vaqif Yusifli və professor Asif Rüstəmli plan üzrə görülən işlər barədə məlumat veriblər.

İclasda gündəlikdə duran bir sıra cari məsələlərə də baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: