Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Aqrar Elmlər Bölməsinin növbəti yığıncağı keçirildi
19.11.2013 00:00
  • A-
  • A
  • A+

AMEA Aqrar Elmlər Bölməsinin növbəti yığıncağı keçirildi

Bu gün AMEA Rəyasət Heyətində AMEA Aqrar Elmlər Bölməsinin (AEB) növbəti yığıncağı keçirildi. Bölmənin büro üzvlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan AEB-in akademik-katibi, akademik Qərib Məmmədov gündəlikdəki məsələlər barədə məlumat verdi. AMEA Rəyasət Heyətinin 17 oktyabr 2013-cü ildə keçirilmiş iclasında Gənc alim və mütəxəssislər şurasının yaradılmasına dair qəbul olunmuş qərar haqqında məlumat verən Q.Məmmədov Azərbaycanda müasir dövrün əsas aparıcı qüvvəsi olan gənclərin elmə cəlb edilməsi prosesinin uğurla həyata keçirildiyini, gənc alim və tədqiqatçılara dövlət səviyyəsində xüsusi diqqət və qayğının göstərildiyini qeyd etdi. Sonra AEB institutularında yeni təsis olunmuş Gənc alim və mütəxəssislər şurasına seçilmiş sədrlər bölmə tərəfindən təsdiq olundu. Nüsrət SiracovTorpaqşünaslıq və Aqrokimya İnstitutunun, Məhəmməd Eldarov Genetik Ehtiyatlar İnstitutunun, a.e.ü.f.d. İzzət Talıbov isə Eroziya və Suvarma İnstitutunun yeni yaranmış şurasına sədr təyin olundular. Tədbirdə “Azərbaycanın bitki genetik ehtiyatları (BGE) üzrə informasiya sistemi” mövzusunda məruzə ilə çıxış edən Genetik Ehtiyatlar İnstitutunun direktoru, kənd təsərrüfatı üzrə elmlər doktoru Zeynal Əkpərov və həmin institutun şöbə müdiriAfiq Məmmədov Azərbaycanda ilk dəfə bitki genetik ehtiyatları üzrə informasiya məkanının formalaşdırılmasının əsaslarının işlənib hazırlandığını, yeni tipli proqram təminatı - informasiya axtarış sisteminin yaradıldığını bildirdilər. A.Məmmədov məlumat verdi ki, respublikada BGE-nin milli kolleksiyaları inventarlaşdırılmış, bunun əsasında Mərkəzi Məlumat Bazası yaradılmış və Milli İnformasiya Mübadiləsi Mexanizmi qurulmuşdur. Məruzəçi qeyd etdi ki, respublikanın 10 rayonunda 200-dən çox fermer təsərrüfatından toplanmış məlumatlar əsasında müasir informasiya texnologiyalarının köməyi ilə nar bitkisinin bioekocoğrafi tədqiqi aparılmış və müəyyən edilmişdir ki, zənginlik indekslərinin göstəriciləri yüksək müxtəlifliyin mövcudluğunu sübut edir. Yaradılmış informasiya sistemindən səmərəli istifadənin prinsip və qaydalarının işlənib hazırlandığını söyləyən A.Məmmədov informasiya texnologiyalarının vasitəsi ilə BGE üzrə milli kolleksiyaların taksonomik tərkibinin öyrənildiyini, məlumat bazasının Azərbaycan florası və regional kolleksiyalarla müqayisədə təhlil edildiyini və tövsiyələrin hazırlandığını nəzərə çatdırdı. Bildirildi ki, qeyd edilən informasiya sisteminin yaradılması ilə bağlı çoxillik tədqiqatlar akademik Cəlal Əliyevin rəhbərliyi ilə həyata keçirilmişdir.Müəlliflər tədqiqatların aparılmasında göstərilən dəstəyə görə AMEA Biologiya və Tibb Elmləri Bölməsi, Aqrar Elmlər Bölməsi və İnformasiya Texnologiyaları İnstitutunun rəhbərliyinə öz təşəkkürlərini bildirdilər. Məruzə ətrafında gedən müzakirələrdə akademik-katibin müavini, AMEA-nın müxbir üzvü Mahmud Abdullayev, akademik Məmməd Salmanov, AMEA-nın müxbir üzvü Məhərrəm Babayev və digərləri iştirak etdilər. Tədbirdə həmçinin, Genetik Ehtiyatlar İnstitutu tərəfindən “Bitkilərdə adaptasiya mexanizmləri” kitabının təqdimatı da keçirildi. Yeni nəşrin müəllifləri professorRamiz Əliyev, biologiya üzrə fəlsəfə doktorları Mehrac Abbasov və Validə Rəhimlidir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: