Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Tanınmış arxeoloq alim, AMEA-nın müxbir üzvü İlyas Babayevin 80 yaşı tamam olur
22.03.2015 00:00
  • A-
  • A
  • A+

Tanınmış arxeoloq alim, AMEA-nın müxbir üzvü İlyas Babayevin 80 yaşı tamam olur

Martın 23-də görkəmli arxeoloq alim, Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor İlyas Babayevin 80 yaşı tamam olur.

İlyas Babayev 1935-ci ildə Quba rayonunun Xanagah kəndində anadan olmuşdur. 1952-ci ildə orta məktəbi bitirmiş, 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. 1958-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirən alim həmin il Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda arxeologiya ixtisası üzrə elmi işçi vəzifəsində işə başlamışdır. 1962-1964-cü illərdə SSRİ EA Arxeologiya İnstitutunun Leninqrad (Peterburq) Bölməsində professor M.İ.Maksimovanın rəhbərliyi altında aspiranturada təhsil almışdır.

1965-ci ildə “Azərbaycanın antik və ilk orta əsrlər dövrü qliptika abidələri (Qədim Azərbaycanda qliptika tarixinin oçerkləri)” mövzusunda namizədlik, 1983-cü ildə Moskva şəhərində “Qafqaz Albaniyasının şəhərləri. E.ə. IV- b.e. III əsrlərində” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir.

2007-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

Alim 1958-ci ildən müxtəlif arxeoloji ekspedisiyaların qazıntılarında iştrak etmişdir. Hazırda iki beynəlxalq ekspedisiyaya - Almaniya və Gürcüstan arxeoloqları ilə birlikdə Şəmkir- Qaracəmirli, Koreya arxeoloqları ilə birlikdə Qəbələ ekspedisiyalarına başçılıq edir.

İ.Babayev müxtəlif dillərdə nəşr olunmuş 250-dən artıq elmi əsərin müəllifidir.

Qədim Azərbaycanda dövlətin, şəhərlərin yaranması, Azərbaycanın ən qədim pullarının tədqiqi, qədim sənətkarlıq sahələri və s. istiqamətlərdə araşdırmalar aparmışdır.

Müxtəlif ölkələrdə keçirilmiş elmi konfranslarda qədim tarix və arxeologiyanın aktual problemlərinə dair məruzələrlə çıxış etmişdir.

İ Babayev elmi fəaliyyətlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. 30 ildən çox respublika universitetlərinin tarix fakültələrində mühazirələr oxumuşdur. Orta və ali məktəb dərsliklərinin müəllifidir.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında tarix və siyasi elmlər üzrə Ekspert Şurasının sədridir.

Azərbaycanın görkəmli arxeoloq alimini 80 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, Ulu Tanrıdan ona uzun ömür, möhkəm can sağlığı, elmimizin inkişafı yolunda yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: