www.science.az
20.05.2015 11:45

Cənubi Koreyanın Azərbaycandakı səfiri Mərkəzi Elmi Kitabxanada olub

Cənubi Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-inn AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) olub. Öncə qonaq kitabxananın sərgi zalı, oxu zalları, kitab saxlancları, Şərq ədəbiyyatı və Nadir kitab fondlarını ziyarət edib.

AMEA MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova qonağa kitabxananın fəaliyyətində prioritet istiqamətlər və həyata keçirilən layihələr barədə məlumat verib.

Görüşdə qarşılıqlı əməkdaşlığa dair təkliflər səsləndirilib. Kitabxananın xarici əlaqələrinin genişləndirilməsi istiqamətində həyata keçirilən işlərdən danışan MEK rəhbəri Cənubi Koreya ilə birgə layihələr həyata keçirməyin məqsədəuyğun olduğunu bildirib.

Səfir Çoi Suk-inn öz növbəsində kitabxana ilə tanışlıqdan məmnunluğunu ifadə edib. Cənubi Koreya ilə Azərbaycan arasındakı münasibətlərin yüksək səviyyədə olmasının hər iki ölkənin elmi təşkilatları arasında da əməkdaşlıq üçün geniş perspektivlər açdığını deyib. Diplomat ölkəsinin elm və təhsil sahələrində qazanılan uğurlardan, həmçinin elmi kitabxanaları haqqında danışıb, eləcə də SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə yaxın günlərdə Koreyada Azərbaycan kitabları sərgisinin keçiriləcəyi barədə məlumat verib.

Cənubi Koreyada kitabxanalara hökumət tərəfindən böyük maliyyə yardımının ayrıldığını deyən səfir ölkəsinin müasir avadanlıq və qabaqcıl texnologiyalara sahib kitabxanaları ilə MEK arasında əməkdaşlıq əlaqələrinin sistemli şəkildə qurulması, o cümlədən kitabxana-informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsinin təşkili məqsədilə konkret addımların atılmasının vacibliyini vurğulayıb.

Görüşdə gələcəkdə tərəflər arasında qarşılıqlı əməkdaşlığı nəzərdə tutan memorandumun imzalanması haqqında da razılıq əldə olunub.

Sonda L.İmanova Azərbaycan elm və mədəniyyətinə dair kitabları səfirə hədiyyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir