www.science.az
20.05.2015 14:30

Müasir dünya fəlsəfəsi kontekstində Azərbaycan fəlsəfəsinin prioritetləri araşdırılıb

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclasında Fəlsəfə və Hüquq İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə elmi məruzə ilə çıxış edib. “Müasir dünya fəlsəfəsi kontekstində Azərbaycan fəlsəfəsinin prioritetləri” mövzusunda araşdırmasını təqdim edən İ.Məmmədzadə bildirib ki, məruzədə müasir dünya fəlsəfəsinin mövcud vəziyyəti təhlil edilərək Qərb, Amerika və rus fəlsəfəsini fərqləndirən cəhətlərə diqqət yetirilmişdir.

Azərbaycan fəlsəfəsi qarşısında duran vəzifələrdən söhbət açan məruzəçi qeyd edib ki, innovasiyalı çağırışlara çevik və ağıllı münasibət göstərməklə dövlətlər milli tərəqqiyə nail ola bilir. Məhz bu həqiqətləri rəhbər tutan AR Prezidenti İlham Əliyev maddi-iqtisadi resursların insan kapitalının inkişafına yönəldilməsi zərurətini öz çıxışlarında dəfələrlə vurğulamış, bu məqsədlə də iqtisadi və siyasi modernləşmənin ardıcıl olaraq davam etdirilməsini mühüm vəzifə kimi qarşıya qoymuşdur.

İ.Məmmədzadə fənlərarası tədqiqatların aparılması və fənlərarası metodologiyanın işlənməsi, “Azərbaycan  tarixi  fəlsəfəsi”nin yaradılması, həmçinin  azərbaycançılığın multikulturalizm modelinin strateji istiqamət kimi tədqiqinin müasir dövrdə Azərbaycan fəlsəfəsinin əsas prioritetləri kimi müəyyənləşdirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, AR Prezidenti  Administrasiyasının rəhbəri, akademik Ramiz  Mehdiyevin xüsusən son illər nəşr etdirdiyi əsərləri bu prioritet istiqamətləri reallaşdırmaq üçün mühüm konseptual baza kimi çıxış edə bilər.

Sonda  AMEA Rəyasət Heyəti bir sıra tapşırıqlar verib. Akademiyanın Fəlsəfə və Hüquq İnstitutunda prioritet istiqamət kimi multikulturalizmin fəlsəfi əsaslarının, mədəniyyətlərin dialoqunun geniş tədqiq edilməsi və “Azərbaycan multikulturalizmi və tolerantlığı” mövzusunda tədqiqat proqramının reallaşdırılması  qərara alınıb. AMEA-nın İctimai Elmlər Bölməsi nəzdində azərbaycançılıq fəlsəfəsinə və multikulturalizm məsələlərinə həsr olunmuş elmi seminarın təşkil edilməsinin zəruriliyi bildirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir