www.science.az
21.05.2015 03:45

“Ağa Məhəmməd şah Qacar” mövzusunda konfrans keçirilib

Mayın 20-də Bakı şəhəri 311 saylı orta məktəbdə “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi üzrə AMEA Tarix İnstitutu və Bakı şəhər 311 saylı tam orta məktəbin birgə hazırladığı “Ağa Məhəmməd şah Qacar” mövzusunda konfrans keçirilib.

311 saylı orta məktəbdə keçirilən tədbiri giriş sözü ilə məktəbin direktoru Esmira Muradova açaraq “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsinin əhəmiyyətindən, yetişməkdə olan gənc nəslin tarixi şəxsiyyətlərimizi daha dərindən tanıması istiqamətində böyük rolundan söz açıb.

“Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi üzrə təşkilat komitəsinin sədri Araz Şamil və 311 saylı məktəbin tarix müəllimi Nəcəfalı Cahangirli öz çıxışlarında Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun təşəbbüsü ilə gerçəkləşən layihənin mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

Tədbirdə “Qacarların Azərbaycanın siyasi həyatında rolu” mövzusunda məruzə ilə çıxış edən Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, t.ü.f.d. Tofiq Nəcəfli Qacarların mənşəyi, XVI-XVIII əsrlərdə Azərbaycanın siyasi tarixində Qacarların rolundan danışıb. Bildirib ki, bir sıra məşhur dövlət xadimləri və sərkərdələr bu tayfaya mənsub olmuşlar.  

Tarix İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d. Vidadi Umudlu “Görkəmli Azərbaycan sərkərdəsi və dövlət xadimi Ağa Məhəmməd şah Qacar” adlı mə­ruzəsində Ağa Məhəmməd şah Qacarın həyatı, öz dövlətini yaratmaq üçün apardığı əzmkar mübarizəsi ilə bağlı məlumat verib. Qeyd edib ki, Ağa Məhəmməd şah Qacar xalqımızın XVIII əsrdə yetişdirdiyi ən görkəmli dövlət xadimlərindən biridir. O, nəinki Azərbaycanda, eləcə də dünya tarixində öz yeri olan tarixi şəxsiyyətdir.

Tarix İnstitutunun şöbə müdiri, t.ü.f.d. Hacı Həsənov “Azərbaycanın görkəmli sərkərdəsi Abbas Mirzə Qacar” adlı məruzəsində Abbas Mirzənin keçdiyi həyat yolu, Qacar ordusunun Avropa qaydasında təşkili və Rusiya-Qacar müharibəsində dövrünün tanınmış Azərbaycan sərkərdəsi kimi göstərdiyi hərbi rəşadətlə bağlı məlumat verib.

Tədbirdə Təhsil Problemləri İnstitutunun şöbə müdiri, prof. İntiqam Cəbrayılov, t.ü.f.d. Dilavər Əzimli, f.ü.f.d. Faiq Ələkbərov, kiçik elmi işçi Nazim Xəlilov, tarix müəllimi Dövran Abuzərov, Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səkinə Həsənova çıxış edərək konfransın aktual mövzuya həsr olunduğunu bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir