Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan Alimlərinin I Qurultayı keçiriləcək
29.09.2013 00:00
  • A-
  • A
  • A+

Azərbaycan Alimlərinin I Qurultayı keçiriləcək

Azərbaycan Alimlərinin I Qurultayı keçiriləcək. Bu haqda qərar Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında qəbul edilib.

Tədbirdə çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə Azərbaycan xalqının siyasi, iqtisadi, sosial-mədəni sahələr üzrə fundamental dəyərlərinin qorunması və dövlət əhəmiyyətli milli maraqların təmin edilməsində elmin müstəsna əhəmiyyətə malik olduğunu qeyd edib. A.Əlizadə elmin çoxspektrli sosial funksiyaları həyata keçirə bilməsi üçün müasir dövrün tələblərinə cavab verən təşkilati tədbirlərin və innovativ idarəetmə üsullarının tətbiqinin zəruri olduğunu bildirib. AMEA prezidenti belə tədbirlərdən biri kimi ən böyük seçkili yığıncaq forması olan qurultayın xüsusi əhəmiyyətə malik olduğunu söyləyib. Alim müasir dövrdə dünyanın bir çox ölkələrində müxtəlif peşə qrupları, ictimai təşkilat və siyasi partiyaların bu yığıncaq modelindən cəmiyyətin müxtəlif sferalarına effektiv təsir texnologiyaları kimi uğurla istifadə etdiklərini vurğulayıb.

AMEA rəhbəri biliklər cəmiyyətinin formalaşdığı bir dövrdə ölkəmizdə də Azərbaycan Alimlərinin Qurultayının keçirilməsinin elmin strateji hədəflərinin reallaşdırılması baxımından məqsədəuyğunluğunu ifadə edib. A.Əlizadə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı alimlərlə qarşılıqlı əlaqələrin gücləndirilməsi, Azərbaycan alimlərinin daha mütəşəkkil təşkilatlanmasının təmin edilməsi, alimlərin cəmiyyətdə nüfuzunun artırılması, müxtəlif elmi və innovativ qurumların fəaliyyətinin əlaqələndirilməsi, Azərbaycan elmi qarşısında prioritetlərin müəyyənləşdirilməsi, fundamental və tətbiqi tədqiqatların prioritetlərini ölkənin mühüm sosial-iqtisadi və ictimai-mədəni məsələlərinin həllinə uyğun müəyyənləşdirmək baxımından bu qurultayın təşkilinin vacibliyini bildirib.

Sonra məsələ ilə bağlı müxtəlif fikir və rəylər səsləndirilib. Qurultayın keçirilməsini təmin etmək məqsədilə İşçi qrupu yaradılıb, tərkibi təsdiq olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: