Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elmi araşdırmalar” toplusunun X sayı işıq üzü görüb
29.05.2015 06:57
  • A-
  • A
  • A+

“Elmi araşdırmalar” toplusunun X sayı işıq üzü görüb

AMEA Şərqşünaslıq İnstitutunun “Elmi araşdırmalar” elmi-nəzəri məqalələr toplusunun X buraxılışı işıq üzü görüb.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyevanın redaktəsi ilə nəşr olunmuş toplunun bu sayında 50-yə yaxın məqalə 6 bölmədə təqdim olunub. “Ədəbiyyatşünaslıq” bölməsində Səbinə Səlimovanın “Harun ər-Rəşid obrazı ərəb folklor nümunəsində”, Səadət Şıxıyevanın “Azərbaycan təsəvvüf ədəbiyyatı tarixinə bir beyti ilə daxil olan şair – Şah Xəndan”, Paşa Kərimovun “Süruri dövrü Vatikan nüsxəsi” və s. kimi maraqlı məqalələri dərc olunub.

Dilçiliklə bağlı bölmədə Laura Orucovanın “Əl-Bərdəinin “Hədəiqüd-dəqiq” adlı əsəri əsasında ərəb dilində köməkçi sözlərin rolu”, Zenfira Rüstəmovanın İraq-türkman dialektinin tədqiq tarixi haqqında bəzi mülahizələr” kimi məqalələrini qeyd etmək olar. “Tarix, arxeologiya, etnoqrafiya” bölməsində Şahin Mustafayevin “Çağdaş Azərbaycan tarixşünaslığının bəzi nəzəri məsələləri”, Fərda Əsədovun “Xəzərlərin ərəblərlə İpək yolu ticarətində tərəfdaşlığı”, Vidadi Mustafayevin “Cənubi azərbaycanlıların etnonim məsələsi” və s. məqalələr yer alıb.

Topluda, həmçinin Qadir Səfərovun “İbn Ərəbinin “əyani-sabitə”si islam metafizik fikrində yeni mərhələ kimi” (“Fəlsəfə” bölməsində), Esmeralda Həsənovanın “Türkiyə ictimai-siyasi fikrində nurçuluq” (“İlahiyyat” bölməsində), Dünyamalı Vəliyev və Zahediavval Masoudun “Qlobal maliyyə böhranının (2008-2010-cu illər) Yaxın Şərq ölkələrində təzahürü xüsusiyyətləri” (“İqtisadiyyat” bölməsi) məqalələri dərc olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: