Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.06.2015 09:45
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlər Berlində keçirilmiş beynəlxalq konfransda multikulturalizmə dair məruzələrlə çıxış ediblər

Azərbaycanlı alimlər Berlində keçirilmiş beynəlxalq konfransda multikulturalizmə dair məruzələrlə çıxış ediblər

Almaniya Federativ Respublikasının paytaxtı Berlin şəhərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Alman Azərbaycan Forumu, Azərbaycanın Almaniyadakı səfirliyi və Berlin Humboldt Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycan multikulturalizmi: tarixi təcrübələr və gələcəyin cəmiyyət modeli” mövzusunda beynəlxalq konfrans keçirilib.

Berlindəki Brandenburq Elmlər Akademiyasında baş tutan bu mötəbər məclisdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev “Multikultural təhlükəsizlik və onun əsas prinsipləri” mövzusunda çıxış edib və multikultural təhlükəsizlik anlayışının multikulturalizmin dövlət siyasətinə dair istiqamətində yer aldığını və ölkənin milli təhlükəsizliyi kontekstində mühüm yer tutduğunu vurğulayıb.

Akademik qeyd edib ki, dünyada multikulturalizm modellərinə dair bir fenomen Azərbaycan multikulturalizmidir ki, bu nümunədə multikultural təhlükəsizlik paradiqması önəmli yer tutur. Azərbaycanda multikultural təhlükəsizliyin harmonik vəhdətdə biri digərini tamamlamalı olan prinsiplərinin uğurlu tətbiqi multikulturalizm situasiyasını problemlərdən sığortalamağa imkan verir. Multikultural təhlükəsizlik paradiqması dünyada gedən proseslərin fonunda potensial olaraq elə bir nümunəverici siyasi mahiyyət kəsb etməyə başlayır ki, bu, beynəlxalq münasibətlərin demokratikləşməsinə də, dövlətlərarası inteqrasiya proseslərinin güclənməsinə də töhfə verə bilər.

Tədbirdə, həmçinin AMEA-nın Əlyazmalar İnstitutunun Farsdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu “Azərbaycan multikulturalizminin bədii qaynaqları” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundov, Hüseyn Cavid və başqa sənətkarların əsərlərində multikulturalizm dəyərləri ilə bağlı səsləşən fikirlərin yığcam təhlilini verib.

Beynəlxalq konfransda Berlin Humboldt Universitetinin professoru Eva-Maria Auxun “Azərbaycan multikulturalizmi: tarixi təcrübələr və gələcəyin cəmiyyət modeli”, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədovun “Azərbaycanın real siyasətinin nəticəsi olaraq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaranması”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun “Sülh içində birgə yaşam ənənəsi üçün multikulturalizmdə tolerantlıq anlayışı: Azərbaycan modeli” mövzusunda məruzələri böyük maraqla dinlənilib və iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.

Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Bakı Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası pravoslav dini təşkilatının nümayəndəsi Mifodiy Efendiyev və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Cord Meier-Klodt, Almaniya-Azərbaycan Forumunun sədri Hans Eberhard Şleyer məruzələr ətrafında çıxış ediblər.

Konfransa Almaniyadan elmi, siyasi dairələrin nümayəndələri və media təmsilçiləri də qatılıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: