Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“İmtiyazlı məhbuslar üçün qanunlar toplusu”nun təqdimatı olub
30.06.2015 11:30
  • A-
  • A
  • A+

“İmtiyazlı məhbuslar üçün qanunlar toplusu”nun təqdimatı olub

İyunun 30-da AMEA İnsan Hüquqları İnstitutunda “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi “Məhkumluqdan azad olunanların həyata adaptasiya və reabilitasiyasına ictimai dəstək” layihəsi çərçivəsində nəşr olunmuş “İmtiyazlı məhbuslar üçün qanunlar toplusu”nun təqdimatı keçirilib.

Dövlət və qeyri-hökumət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələrinin, elm xadimləri və ictimaiyyətin təmsilçilərinin iştirak etdikləri tədbirdə institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Lalə Əhmədova bildirib ki, 386 səhifədən ibarət bu toplu “Elm və təhsil” nəşriyyatında çap olunub. Kitabın tərtibatçısı “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Tahir Xudiyev, redaktoru isə birliyin idarə heyətinin üzvü və tibb xidməti mərkəzinin rəhbəri, professor Əhməd Babayevdir. Toplu Azərbaycan Respublikasının müvafiq qanunlarına istinadən tərtib olunub. Bununla yanaşı, nəşrdə Avropa və Amerika penitensiar qaydaları da yer alıb.

Tədbirdə çıxış edən Tahir Xudiyev ölkəmizdə müvəffəqiyyətlə başa çatan möhtəşəm “Bakı-2015” birinci Avropa Oyunlarını Azərbaycan xalqının və dövlətinin böyük uğuru kimi dəyərləndirib.

Rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verən T.Xudiyev bildirib ki, 2008-ci ildə təsis olunan birliyin əsas məqsədi dünyada yaşayan bütün kateqoriyalardan olan əlil ictimai birlikləri ilə əməkdaşlıq etmək, təcrübə mübadiləsi aparmaq və bu sahədə qazanılan təcrübəni ölkəmizdə tətbiq etməkdir. Birliyin sədri maarifləndirmə məqsədi ilə çap edilən toplunun geniş oxucu kütləsi tərəfindən maraqla qarşılandığını deyib. Oxucuların tələbatı nəzərə alınmaqla toplunun yenidən nəşr edildiyi diqqətə çatdırılıb.

Təqdimat mərasimində çıxış edən AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri, hüquq üzrə elmlər doktoru Habil Qurbanov, Mərkəzi Elmi Kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz, Norveçin Azərbaycandakı səfirliyinin birinci katibi Marko Soldik, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin əlilliyi olan şəxslərin hüquqları üzrə müşaviri Müqalib Mahmudov və başqaları nəşrin əhəmiyyətindən danışıb, maarifləndirmə məqsədi daşıyan bu cür topluların mütəmadi çap olunaraq oxuculara çatdırılmasının vacibliyini vurğulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: