Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

09.07.2015 09:12
  • A-
  • A
  • A+

Belarusun Azərbaycandakı səfiri AMEA Rəyasət Heyətində olub

Belarusun Azərbaycandakı səfiri AMEA Rəyasət Heyətində olub

AMEA prezidenti, akademik Akif Əlizadə Belarus Respublikasının Azərbaycanda diplomatik fəaliyyəti başa çatmış səfiri, cənab Nikolay Paskeviç ilə görüşüb.

AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Qulam Babayev, Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyevin iştirak etdiyi görüşün keçirilməsində əsas məqsəd iki ölkə arasında mövcud elmi əlaqələr və əməkdaşlıq perspektivlərinin müzakirəsi idi.

Öncə N.Paskeviç Azərbaycandakı diplomatik fəaliyyəti müddətində gördüyü işlərdən danışıb. Bildirib ki, ölkəmizlə Belarus arasında iqtisadiyyat, kənd təsərrüfatı, turizm kimi sahələrdə əlaqələrin qurulması və inkişafı onun əsas hədəflərindən olub. Təmsil etdiyi ölkənin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini vurğulayan səfir elmin müvafiq sahələrində də əlaqələrin qurulmasının mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. 

Akademik A.Əlizadə AMEA-da elmin yeni prioritetlərinin müəyyənləşdirildiyini, son illərdə Azərbaycanda yüksək texnologiyaların tətbiqi və kosmik sənayenin yaradılmasına xüsusi diqqət göstərildiyini qeyd edib. AMEA-da molekulyar biologiya və biotexnologiya sahəsində ilk addımların atıldığını bildirən alim bu sahədə yeni yanaşmalar və xarici təcrübənin öyrənilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Alim hər iki ölkə alimlərinin kosmik sahədə birgə elmi tədqiqatlar aparmalarının vacibliyini qeyd edərək Belarusun kosmik proqramlarının imkanları və bu ölkə alimlərinin əldə etdikləri təcrübənin öyrənilməsinin əhəmiyyətini də önə çəkib.

A.Əlizadə Belarusla Azərbaycanın elmi müəssisə və mərkəzləri arasında bugünədək aparılan tədqiqatlardan söz açaraq, nəticədə mühüm elmi nailiyyətlərin əldə olunduğunu vurğulayıb. AMEA rəhbəri bildirib ki, elm sahəsində əməkdaşlığımızı bundan sonra da inkişaf etdirməli, birgə innovativ layihələr həyata keçirməli, kadr və təcrübə mübadiləsi aparmalıyıq.

Görüşdə, həmçinin cari ilin noyabr ayında iki ölkə arasında elm sahəsində imzalanacaq müqavilə ilə bağlı müzakirələr aparılıb, birgə kosmik tədqiqatların aparılmasının vacibliyi vurğulanıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

 

  • Paylaş: