www.science.az
09.07.2015 11:08

AMEA-nın müxbir üzvü Validə Əlizadə Hökumətlərarası Elm-Siyasəti Platformasının aparıcı eksperti seçilib

Biomüxtəliflik və Ekosistem Xidmətləri üzrə Hökumətlərarası Elm-Siyasəti Platforması (BEXHP / IPBES) biomüxtəlifliyin qorunması və davamlı istifadəsi, uzunmüddətli insan rifahı və davamlı inkişafı məqsədi ilə biomüxtəliflik və ekosistem xidmətləri sahəsində elm-siyasət qarşılıqlı əlaqəsini gücləndirmək üçün yaradılmış müstəqil hökumətlərarası təşkilatdır. Katibliyi Almaniyanın Bonn şəhərində yerləşən IPBES 21 aprel 2012-ci ildə Panama şəhərində keçirilmiş plenar iclasda 94 hökumət tərəfindən təsis olunub.

Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə IPBES işçi proqramının həyata keçirilməsini dəstəkləmək üçün Avropa və Mərkəzi Asiya üzrə Multidisiplinar Ekspert Qrupu tərəfindən aparıcı ekspert  seçilib.  

V.Əlizadə Avropa və Mərkəzi Asiya regionları üçün biomüxtəliflik və ekosistem xidmətlərinin qiymətləndirilməsi üzrə 3 il müddətində (2015-2017) IPBES-in aparıcı eksperti kimi fəaliyyət göstərəcək. Məqsəd regional və subregional səviyyələrdə biomüxtəliflik, ekosistem funksiyaları və ekosistem xidmətləri sahəsində elm-siyasət qarşılıqlı əlaqəsini gücləndirməkdir. Qiymətləndirilmələr, potensial kritik nöqtələr, əks-əlaqə və uzlaşmanın vurğulanması yolu daxil olmaqla, insan və təbiət arasında qarşılıqlı münasibətə dair keçmiş, indiki və gələcək bilik vəziyyəti təhlil etməyə imkan verəcəkdir. IPBES bütün səviyyələrdə qərarların qəbul edilməsində elmin səmərəli istifadəsi üçün  potensialını gücləndirməyə səy göstərir.

V.Əlizadə 31 avqust - 4 sentyabr 2015-ci ildə İsveçrənin Engelberg şəhərində keçiriləcək Avropa və Mərkəzi Asiya üzrə Ekspert Qrupunun I Regional Qiymətləndirilmə iclasında iştirakı üçün rəsmi dəvət alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir