Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Mərkəzi Elmi Kitabxana beynəlxalq əlaqələrini genişləndirir
13.07.2015 09:26
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxana beynəlxalq əlaqələrini genişləndirir

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Danimarkanın Elm, Texnologiya və İnnovasiya Nazirliyinin “Rumudvalget” komitəsinin sədri, Danimarka Astroseysmologiya Mərkəzinin rəhbəri, professor Yorqen Kristensen-Dalsqaard və xanımı, Danimarka Milli Kitabxanası direktorunun müavini Birte Kristensen-Dalsqaard AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olublar.

Görüşdə MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova rəhbərlik etdiyi qurumun fəaliyyəti və beynəlxalq əlaqələri barədə qonaqlara məlumat verib.

Sonra qonaqlar kitabxananın sərgi, oxu zalları və akademiklər zalında yerləşən ilk hədiyyə kitab kolleksiyası ilə tanış olub, həmçinin akademiyanın yaranma tarixi, AMEA-nın 15 sabiq prezidentinin elmi-ictimai fəaliyyəti barədə ətraflı məlumat əldə ediblər. Sərgi zalında dünya ədəbiyyatının görkəmli nümayəndələrinin, Nobel mükafatı laureatlarının əsərlərinin Azərbaycan dilinə tərcümə edilmiş nəşrləri, ensiklopediyalar, müxtəlif dillərdə elmi nəşrlər qonaqların marağına səbəb olub.

Danimarkalı qonaqlar kitabxananın nadir kitablar və Şərq ədəbiyyatı fondlarında saxlanılan elmi və tarixi əhəmiyyətli nəşrlər, əlyazmalar, iri həcmli və miniatür kitablarla da tanış olublar. Nadir kitablar fondunun şöbə müdiri Gülarə Xələfova burada saxlanılan nəşrlər haqqında məlumat verib.

Görüşdə, həmçinin “Milli rəqəmsal yaddaş” bazası üçün məlumatların əldə edilməsi və digər təkliflərlə bağlı müştərək əməkdaşlıq imkanları müzakirə olunub. B.Kristensen-Dalsqaard MEK ilə əməkdaşlıq səylərini əsirgəməyəcəyini söyləyib.

Qonaqlar MEK-in yeni binasının müasir memarlıq üslubunu yüksək dəyərləndirib, kitabxanada oxucular üçün mükəmməl şərait yaradıldığını diqqətə çatdırıblar.

Sonda L.İmanova Azərbaycan tarixinə dair kitabları qonaqlara hədiyyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: