Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

16.07.2015 09:08
  • A-
  • A
  • A+

AMEA prezidenti Yaponiyanın Azərbaycandakı səfirini qəbul edib

AMEA prezidenti Yaponiyanın Azərbaycandakı səfirini qəbul edib

İyulun 15-də AMEA prezidenti, akademik Akif Əlizadə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, cənab Tsuquo Takahaşini qəbul edib. AMEA Rəyasət Heyətində keçirilmiş görüşün əsas məqsədi akademiya ilə Yaponiyanın elmi-tədqiqat institutları arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi idi.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, bu qurumun akademik-katibi, akademik Rasim Əliquliyev, Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Qulam Babayev, İnnovasiya şöbəsinin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Nazim Məmmədovİctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyev iştirak ediblər.

Öncə AMEA prezidenti, akademik Akif Əlizadə qonağa akademiyanın strukturu və əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. Son illər AMEA-nın idarəetmə və təşkilati sisteminin əsaslı olaraq təkmilləşdirildiyini diqqətə çatdıran A.Əlizadə burada prioritet elmi istiqamətlərdə aparılan araşdırmalardan və innovativ layihələrdən söz açıb.

AMEA rəhbəri son illər neft-kimya sahəsində fəaliyyət göstərən alimlərimizin elmi yeniliklər əldə etdiklərini, bu istiqamətdə dünya elminə mühüm töhfələr verdiyini qeyd edib. Azərbaycanın zəngin neft-qaz resurslarına malik olduğunu deyən alim 100 ildən artıqdır ki, bu torpaqlarda neft istehsalının uğurla həyata keçirildiyini bildirib.

Dünyada mövcud olan 1500-dən çox palçıq vulkanından 350-nin Azərbaycanda olduğunu diqqətə çatdıran A.Əlizadə akademiyanın geoloqlarının AMEA-nın 70 illiyi münasibətilə nəşr etdirdiyi atlası səfirə təqdim edib. O, biologiya, tibb, humanitar və ictimai elmlər sahəsində də rəhbərlik etdiyi elm ocağının zəngin bilik və təcrübəyə malik olduğunu deyib.

Son 3 il ərzində AMEA-da innovativ elmi istiqamətlərə böyük diqqət ayrıldığını vurğulayan alim akademiyanın strukturunda yaradılmış İnnovasiya şöbəsi və Təcrübə-Sənaye Zavodu haqqında da məlumat verib. A.Əlizadə AMEA-nın 70 illiyinin keçirilməsi ilə bağlı səfirə məlumat verərək, onu cari ilin noyabr ayında baş tutacaq yubiley tədbirinə dəvət edib.

AMEA rəhbəri Yaponiyanın seysmologiya elmi sahəsində əldə etdiyi təcrübədən yararlanmağın zəruriliyini önə çəkərək, bu istiqamətdə birgə elmi laboratoriyanın yaradılması təklifini irəli sürüb. Alim AMEA ilə Yaponiyanın elmi-tədqiqat institutları arasında müvafiq sahədə əməkdaşlıq əlaqələrinin qurulmasına böyük önəm verdiyini dilə gətirib.

Sonra cənab T.Takahaşini Yaponiya iqtisadiyyatının yenidən təşkili və inkişafı ilə bağlı təmsil etdiyi ölkədə həyata keçirilən innovativ tədbirlərdən danışıb. Səfir AMEA ilə əməkdaşlıq əlaqələrinin qurulmasını yüksək qiymətləndirərək, bu sahədə akademiyaya lazımi köməkliyi göstərməyə hazır olduğunu dilə gətirib. Yaponiyada seysmologiya və vulkan sahəsində dərin elmi araşdırmaların aparıldığını qeyd edərək Azərbaycan alimləri ilə birgə tədqiqatlarda iştirakın vacibliyini vurğulayıb.

Tədbirdə, həmçinin innovasiya siyasəti üzrə Yaponiya təcrübəsinin öyrənilməsi imkanları, AMEA əməkdaşlarının bu ölkədə elm və tədqiqat üzrə elmi-tədqiqat və təhsil imkanları, o cümlədən AMEA-nın Təcrübə-Sənaye Zavodunun bazasında Elmi-Texnoloji Parkın yaradılması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: