Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Namiq Əliyevin 75 yaşı tamam olur
27.07.2015 08:19
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Namiq Əliyevin 75 yaşı tamam olur

İyulun 28-də tanınmış alim, “Şöhrət” ordenli, Elmi-Tədqiqat Tibbi-profilaktika İnstitutunun direktoru, Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Namiq Əliyevin 75 yaşı tamam olur.

Namiq Əliyev 1940-cı il iyul ayının 28-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirən alim 1968-1970-ci illərdə həmin institutun Mikrobiologiya kafedrasının aspirantı olmuşdur.

1970-ci ildə “Maqnit sahəsinin bəzi mikroorqanizmlərin marfogenetik və genetik-biokimyəvi xüsusiyyətlərinə təsiri” mövzusunda namizədlik, 1998-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun bazasında “Maqnit sahəsinin bir sıra infeksion xəstəliklərin kompleks müalicəsində tətbiqinin klinik-eksperimental əsaslandırılması” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmiş, 1989-cu ildə yoluxucu xəstəliklər ixtisası üzrə professor elmi adını almışdır.

2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2002-ci ildə Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü seçilmişdir.

N.Əliyev Azərbaycan Sahiyyə Nazirliyinin müfəttişi (1981), Azərbaycan SN Elmi-Tibbi Şurasının sədr müavini (1982-1991), Azərbaycan SN Elm İdarəsinin rəisi (1993-1994) vəzifələrində çalışmışdır. 1994-cü ildən Elmi-Tədqiqat Tibbi-profilaktika İnstitutunun direktoru, Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının müdiridir.

Alim 300-dən artıq elmi işin, 1 dərslik, 4 dərs vəsaiti, 4 elmi-kütləvi kitabça, 3 monoqrafiya, 40 metodik tövsiyə, 18 səmərələşdirici təklif, 8 patentin müəllifidir.

Onun rəhbərliyi altında 16 namizədlik, 3 doktorluq dissertasiyası müdafiə edilib. Hazırda o, 10 namizədlik və doktorluq işinin elmi rəhbəri və məsləhətçisidir.

Azərbaycan Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklər üzrə baş mütəxəssisi (1984) və beynəlxalq ekspert-ekoloqdur (1994).

N.Əliyev 2000-ci ildə “Əməkdar Elm xadimi” fəxri adına layiq görülmüş, 2010-cu ildə isə Azərbaycan Respublikasında səhiyyənin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

Görkəmli elm mücahidini 75 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, Ulu Tanrıdan ona uzun ömür, möhkəm can sağlığı, Azərbaycan elminin inkişafı yolunda yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: