Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.07.2015 10:09
  • A-
  • A
  • A+

“Sosial media və milli dəyərlər” adlı təlimlərə başlanılıb

“Sosial media və milli dəyərlər” adlı təlimlərə başlanılıb

İyulun 28-də AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sosial media və milli dəyərlər” mövzusunda təlimlərə başlanılıb.

Tədbirdə layihənin rəhbəri, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Baba Əliyev əvvəlcə layihə haqqında məlumat verib. Bildirib ki, dörd gün davam edəcək təlimlər çərçivəsində iştirakçılara sosial mediadan səmərəli və düzgün istifadə qaydaları, milli dəyərlərin qorunması istiqamətində maarifləndirmə işlərinin aparılması ilə bağlı məlumatlar veriləcək.

Qeyd olunub ki, Azərbaycan gəncliyinin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi, dövlətimiz və onun milli maraqları üçün gəncliyin daima axtarışda olması vacib amillərdəndir. Sosial media şəbəkəsinin genişləndirilməsi, informasiyanın insanlara daha tez çatdırılması, dəqiq və qərəzsiz olması çox mühümdür.

Sonra çıxış edən MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova layihənin əhəmiyyətindən danışıb. Sosial medianın həyatımızın önəmli hissəsinə çevrildiyini söyləyən L.İmanova gəncləri internet resurslardan düzgün faydalanmağa səsləyib.

Müasir dövrdə gəncləri sosial media sahəsində milli maraqların təbliğatçısına çevirməyin, Azərbaycanın daxili və xarici uğurlarını sosial şəbəkələr vasitəsilə dünyaya çatdırmağın əhəmiyyəti qeyd olunub.

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası idarə heyətinin üzvü, fizika üzrə fəlsəfə doktoru Fəxrəndə Əlimərdanova gənclərin maarifləndirilməsi işində mühüm rolu olan bu cür tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıb.

Təlim çərçivəsində Azərbaycan Mətbuat Şurasının Onlayn məsələlərlə iş departamentinin rəhbəri, yeni media üzrə ekspert Ellada Mustafayeva “Sosial media – ümumi anlayışlar” adlı təqdimatla çıxış edib. Sosial medianın cəmiyyətin demək olar ki, bütün sahələrinin inkişafına öz təsirini göstərdiyini deyən E.Mustafayeva son illərdə ənənəvi media və sürətlə inkişaf edən sosial media arasındakı qarşılıqlı əlaqələrdən danışıb. O, bildirib ki, yeni media bir çox üstün cəhətləri ilə diqqəti cəlb edir və müasir dövrdə sosial jurnalistika artıq sosial platformaya çevrilir. E.Mustafayeva, həmçinin sosial medianın inkişafı, bloqların yaradılması və s. ilə bağlı məlumatlar verib.

Sonra təlimlərə başlanılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: