www.science.az
29.07.2015 07:47

Zoologiya İnstitutunun əməkdaşı Almaniyada ixtisasartırma kursu keçib

AMEA Zoologiya İnstitutunun elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Fuad Rzayev Almaniyanın Hamburq, Berlin, Leypsiq şəhərlərində “Səhiyyədə iqtisadi kooperasiya” mövzusunda tədris-təcrübə kursu keçib.

F.Rzayev Almaniyada səhiyyənin strukturu, idarə edilməsi ilə yanaşı, tibb və biologiyada elmi tədqiqatların yerinə yetirilməsində istifadə olunan yeni və müasir optik avadanlıq və cihazların quruluşu, üstünlükləri, imkanları və iş prinsiplərini öyrənib. Nəzəri dərslər Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) sifarişi əsasında “Akademie İnternational” tədris mərkəzinin dəvət etdiyi yüksək ixtisaslı lektorlar tərəfindən aparılıb. Azərbaycan alimi Almaniyada tibbi, bioloji cihaz və avadanlığın istehsalı ilə məşğul olan və dünya bazarında yaxşı tanınan “Philips Medical Systems”, “Olympus Surgical Technologies Europe”, “Karl Storz GmbH & Co. KG” və digər bu kimi brendlərin zavodlarında istehsalatla yaxından tanış olub, mütəxəssislərlə informasiya mübadiləsi aparıb. Azərbaycanlı alim Avropanın məşhur “Helios Endo-Klinik Hamburg”, “Asklepios Barmbek”, “Eppendorf & UKE Consult und Management GmbH” və digər klinikalarında həmin avadanlığın necə işləməsinin əyani şahidi olub.

Kursun sonunda F.Rzayev imtahan verərək beynəlxalq sertifikata layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir