www.science.az
30.07.2015 10:58

Azərbaycan və İran alimlərinin elmi əlaqələri genişlənir

“Azərbaycan-İran elmi əlaqələri bir neçə istiqamət üzrə genişlənir”. Bu sözləri AMEA-nin  vitse-prezidenti, akademik İsa Həbibbəyli  bildirib.

Akademikin sözlərinə görə, AMEA institutlarında dissertant  kimi elmi fəaliyyətə başlayanlardan  bir çoxu dissertasiya müdafiə edərək fəlsəfə doktoru diplomu alıblar. Bu ilin axırınadək isə daha 4 nəfər iranlı dissertant elmi-tədqiqat işini dissertasiya müdafiəsinə çıxaracaqdır. Bu, elmi dərəcəli mütəxəssislərin hazırlanmasında son illərin ən yaxşı göstəricilərindən biridir.

İ.Həbibbəyli qeyd edib ki, Azərbaycan və İran alimləri, həmçinin qarşılıqlı olaraq hər iki ölkədə keçirilən elmi konfranslarda iştirakçı olur və elmi məruzələrlə çıxış edirlər. Bu ilin birinci yarısında AMEA-nın Humanitar və İctimai Elmlər  bölmələri üzrə keçirilmiş beynəlxalq elmi konfranslarda İran İslam Respublikasının müxtəlif ali məktəblərindən və elmi mərkəzlərindən 16 nəfər elm adamı məruzəçi qismində təmsil olunub. Eyni zamanda, İran universitetlərində təşkil olunmuş konfranslarda Azərbaycan alimlərinin də müxtəlif elm sahələri üzrə elmi məruzələri dinlənilib. Bu yaxınlarda Ərdəbil şəhərində keçiriləcək beynəlxalq elmi konfransda iştirak etmək üçün Akademiya alimlərinin məruzələri qəbul edilib.

AMEA-nın vitse-prezidenti bildirib ki, cari ildə Bakıda böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın yaradıcılığına həsr edilmiş birgə elmi konfransın keçirilməsi də nəzərdə tutulur. Bundan başqa, Akademiyada dünya ədəbiyyatının görkəmli klassiklərindən biri olan, böyük İran şairi və mütəfəkkiri Şeyx Sədi Şirazinin ədəbi irsi və ənənələrinə həsr olunmuş beynəlxalq elmi konfransın da keçirilməsi üçün hazırlıq işləri aparılır. Konfrans çərçivəsində, həmçinin Şeyx Sədi Şiraziyə həsr edilmiş sənədli film də nümayiş etdiriləcəkdir: “Məlum olduğu kimi,  Şeyx Sədi Şirazinin  əsərlərindən Şərq ölkələrində, o cümlədən Azərbaycanda dərslik kimi  istifadə olunub. Bundan başqa, maarifçi-didaktik ədəbiyyatın yaranması və inkişafına da “Gülüstan” və “Bustan” kimi əsərlər böyük yol açıb. Bütün bunların qarşılıqlı və sürətlə öyrənilməsinə ehtiyac vardır. Nəzərdə tutulan elmi konfrans bu sahədə ilk böyük addım olacaqdır”.

Akademik İsa Həbibbəyli Azərbaycan-İran elmi əlaqələrinin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.    

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir