Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

04.08.2015 12:47
  • A-
  • A
  • A+

Naxçıvan Muxtar Respublikasında arxeoloji tədqiqatlar davam etdirilir

Naxçıvan Muxtar Respublikasında arxeoloji tədqiqatlar davam etdirilir

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində fəaliyyət göstərən Xaraba-Gilan arxeoloji ekspedisiyası Plovdağ abidələr kompleksində, Dəlmə qalasında və Xaraba-Gilan şəhər yerində tədqiqatları davam etdirir.

Arxeoloji ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimlinin sözlərinə görə, cari ilin tədqiqat mövsümünün ilkin mərhələsində Plovdağın ikinci nekropolunda 7 kurqan tədqiq edilib. E.ə. III minilliyin sonu-II minilliyin əvvəllərinə aid bu kurqanlarda Urmiya yaxınlığında yerləşən Göytəpə abidəsinin K təbəqəsi keramikasına uyğun gil qablar aşkar edilib. Daha çox Naxçıvanda və Urmiya ətrafı abidələrdə yayılmış bu tip keramika, hər iki bölgənin orta tunc dövründə vahid arxeoloji mədəniyyət arealında olduğunu sübut edir.

B.İbrahimli bildirib ki, həmçinin, Naxçıvan Dövlət Universitetinin Tarix fakültəsinin birinci kurs tələbələri Xaraba-Gilan arxeoloji ekspedisiyasında iki həftəlik təcrübə keçiblər.

Plovdağda tunc dövrünə aid aşkar edilmiş insan qalıqları AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin rəhbərlik etdiyi Azərbaycan-Amerika Beynəlxalq Arxeoloji Ekspedisiyasının üzvü, Çikaqo Universitetinin antropoloqu Selin Elizabeth Nugent tərəfindən tədqiq edilməkdədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: