Avqustun 10-da görkəmli iqtisadçı alim, İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Şahbaz Muradovun 75 yaşı tamam olur.
Şahbaz Muradov 1940-cı ildə Laçın rayonunun Xumarta kəndində anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin İqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1965-ci ildə namizədlik, 1972-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1977-ci ildə professor elmi adına layiq görülmüşdür.
1961-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayan alim institutun böyük elmi işçisi, şöbə müdiri vəzifəsinə kimi yüksəlmişdir. 1991-1998-ci illərdə elmi işlər üzrə direktor müavini, 1999-2008-ci illərdə isə həmin institutun direktoru vəzifəsində çalışmışdır.
Hazırda AMEA-nın İqtisadiyyat İnstitutunun Demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri şöbəsinin müdiri vəzifəsində fəaliyyətini davam etdirir.
2001-ci ildə isə AMEA-nın müxbir üzvü seçilmişdir.
Ş.Muradov YUNESKO-nun Azərbaycan Respublikasında “Bioetika, elmi biliklərin və texnologiyaların etikası” üzrə Milli Komitənin üzvü, AMEA Xəbərləri “İqtisadiyyat” seriyasının baş redaktoru, AMEA-nın İqtisadiyyat İnstitutunun nəzdindəki Dissertasiya Şurasının üzvüdür.
O, Azərbaycan iqtisadiyyatı sahəsində 500-ə yaxın əsər, monoqrafiya, kitab, dərslik və proqramın müəllifidir.
Görkəmli iqtisadçı alimin еlmi fəaliyyəti son dərəcə səmərəli və çoxşaxəlidir. O, MDB məkanında ilk dəfə olaraq qadın məşğulluğu və məşğulluq sahəsində gender problemlərinin tədqiqi ilə məşğul olan görkəmli demoqraf alim kimi tanınmışdır. Keçmiş SSRİ-də və Azərbaycanda bu problemin sosial-iqtisadi və demoqrafik aspektlərinin kompleks şəkildə tədqiqi onun adı ilə bağlıdır.
Şahbaz Muradovun elmi rəhbərliyi və bilavasitə iştirakı ilə ulu öndər Heydər Əliyevin 28 dekabr 1998-ci il və 24 iyun 2003-cü il tarixli sərəncamları ilə ilk dəfə olaraq “Azərbaycan Respublikasının demoqrafik inkişaf Konsepsiyası” (1999-cu il) və “Azərbaycan Respublikasında demoqrafiya və əhalisakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” (2004-2008-ci illər); habelə “Azərbaycan Respublikasının məşğulluq Strategiyası” ( 2006-2015-ci illər) işlənib hazırlanmış və ölkə rəhbəri tərəfindən təsdiq edilmişdir.
İqtisadiyyat elmi üzrə yüksəkixtisaslı kadrların yetişdirilməsi sahəsində alimin xidmətləri əvəzsizdir. Onun rəhbərliyi altında 90-dan artıq fəlsəfə və elmlər doktoru dissertasiyası müdafiə edilmişdir.
Ş.Muradovun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, “Şöhrət” ordeni, “Fədakar əməyə görə” Yubiley medalı, “Əmək veteranı” medalı və s. mükafatlara layiq görülmüşdür.
Azərbaycanın iqtisadiyyat sahəsində tanınmış görkəmli alimini 75 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik, ona uzun ömür, möhkəm can sağlığı, elmimizin inkişafı yolunda böyük nailiyyətlər arzulayırıq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir