Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Görkəmli alim və ictimai xadim, professor Cavad Heyətin qəbirüstü abidəsinin açılışı olub
14.08.2015 06:52
  • A-
  • A
  • A+

Görkəmli alim və ictimai xadim, professor Cavad Heyətin qəbirüstü abidəsinin açılışı olub

Avqustun 14-də İkinci Fəxri xiyabanda tanınmış cərrah, türkoloq alim, professor Cavad Heyətin qəbirüstü abidəsinin açılışı və xatirəsini anma mərasimi keçirilib.

Tədbirdə İranın Azərbaycandakı səfirliyinin əməkdaşları, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, mərhumum ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov bildirib ki, C.Heyət görkəmli həkim, tanınmış publisist və ədəbiyyatşünas, Paris Beynəlxalq Cərrahlıq Akademiyasının üzvü olub. Bu böyük şəxsiyyətin ümumilikdə Azərbaycan üçün gördüyü işlərdən söhbət açan R.Hüseynov diqqətə çatdırıb ki, bir çox cərrahi əməliyyatlar məhz onun adı ilə bağlıdır. Tibb sahəsində qazandığı nailiyyətlər C.Heyətə böyük şöhrət gətirib.

Qeyd edilib ki, doktor C.Heyət təbabətə dair qiymətli araşdırmaların müəllifi kimi də tanınırdı. Onun kitabları tibb sahəsində yazılmış dəyərli vəsait kimi mütəxəssislər tərəfindən daim yüksək dəyərləndirilib. Bir sıra beynəlxalq elmi forum və toplantılarda öz təcrübəsinə əsaslanaraq dərin məzmunlu məruzələrlə çıxış etmiş alimin 100-dən artıq məqaləsi müxtəlif tibbi jurnallarda işıq üzü görüb. C.Heyət uzun müddət cərrahlığın tədrisi və cərrahların yeni nəslinin formalaşdırılması ilə məşğul olub.

Bildirilib ki, C.Heyətin zəngin və çoxşaxəli səmərəli fəaliyyətində Azərbaycan ədəbiyyatı tarixi, türk xalqlarının keçmişi, milli folklor və eləcə də islamşünaslığa dair tədqiqatlar mühüm yer tutur. Bu əsərlərdə Azərbaycan dilinin inkişaf mərhələləri, şifahi xalq ədəbiyyatı, ədəbiyyatşünaslıq, folklor, ədəbi tənqid, publisistika və fəlsəfə tarixinin müxtəlif məsələlərindən əhatəli bəhs olunur. Mədəniyyətin müxtəlif problemlərinin öyrənilməsinə münasibətdə tarixi həqiqətlərdən çıxış edərək obyektivlik nümayiş etdirən alimin ədəbi simpoziumlarda və türkoloji konfranslarda çıxışları həmişə təqdirlə qarşılanıb. C.Heyət eyni zamanda, Azərbaycanın elmi və mədəni nailiyyətlərinin geniş tanıdılması, eləcə də ədəbi əlaqələrin möhkəmləndirilməsi işinə layiqli töhfələr verib.

Mərasimdə çıxış edənlər doktor Cavad Heyətlə bağlı xatirələrini bölüşüblər, abidənin önünə gül dəstələri qoyublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: