www.science.az
17.08.2015 11:58

Beynəlxalq arxeoloji ekspedisiya tədqiqatların ilkin mərhələsini yekunlaşdırıb

2009-cu ildən mütəmadi fəaliyyət göstərən Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyası cari ilin çöl–tədqiqat mövsümündə işini davam etdirib.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutundan verilən məlumata görə, ekspedisiyanın əsas tədqiqat obyekti Tovuz rayonunda aşkarlanan Göytəpə və Hacıəllamxanlı neolit dövrü qədim yaşayış məskənləridir. Tədqiqat müddətində məskəndən götürülən nümunələrin dünyanın qabaqcıl elmi mərkəzlərindən olan Yaponiyanın Tokio Universitetinin laboratoriyalarında radiokarbon, paleontoloji və paleobotanik analizləri aparılıb. Dünyanın tanınmış elmi jurnallarında dərc edilən analizlərin nəticələrinə görə Hacıəlləmxanlı abidəsi Cənubi Qafqazda ən qədim neolit yaşayış məskəni kimi səciyyələndirilib. Qədim yaşayış məskənlərinin əhalisinin iqtisadi və mədəni baxımdan həyat tərzi barədə təsəvvür yaradan və bu günədək elmə məlum olmayan biliklər toplanılıb.

Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Tovuz arxeoloji ekspedisiyasının rəhbəri Fərhad Quliyevin və Tokio Universitetinin professoru, Ön Asiya neoliti üzrə tanınmış mütəxəssis Yoşihiro Nişiyakinin birgə rəhbərlik etdikləri Azərbaycan–Yaponiya beynəlxalq arxeoloji ekspedisiyası cari çöl – tədqiqat mövsümündə Hacıəlləmxanlı abidəsində işlərini yekunlaşdıraraq bölgənin digər neolit abidələrində yeni tədqiqatlara hazırlıq mərhələsini planlaşdırırlar. Qeyd edək ki, Yaponiya ilə elmi əməkdaşlıq çərçivəsində Azərbaycan arxeoloqları gələn il Tokio Universitetinin nəzdindəki arxeoloji muzeyin yenilənən sərgisinin açılış mərasiminə dəvət alıblar.

Tokioda açılışı keçiriləcək arxeoloji muzeyin yeni sərgisində Azərbaycan arxeologiyasına həsr edilən xüsusi bölmə yaradılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir