Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı və müasir Azərbaycan” kitabı çapdan çıxıb
17.08.2015 12:27
  • A-
  • A
  • A+

Akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı və müasir Azərbaycan” kitabı çapdan çıxıb

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı və müasir Azərbaycan” kitabı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, aktual mövzularda elmi əsərlərlə vaxtaşırı geniş oxucu auditoriyasının diqqətini cəlb edən akademik Ramiz Mehdiyev Azərbaycanda gedən proseslərin geniş siyasi-sosioloji və elmi-fəlsəfi şərhini verir. Bu baxımdan görkəmli alimin yeni kitabı da olduqca təqdirəlayiqdir.

Akademik Ramiz Mehdiyev bu kitabında da geniş elmi axtarışlara söykənərək Azərbaycanda dövlətçilik ənənələrinin qorunmasının əsaslarını ətraflı şərh edir və buna maneələr yaradan amilləri açıq şəkildə göstərib. Filosof alim müasir müstəqil Azərbaycanın möhkəm təməlini qoyan, sabitliyi, güclü iqtisadiyyatı və demokratiyanı beynəlxalq birliyə ən yaxşı inteqrasiya yolu hesab edən ümummilli lider Heydər Əliyev kursunun bu sahədəki rolunu xüsusi vurğulayır, qeyd edir ki, Azərbaycan tarazlaşdırılmış xarici siyasətini uğurla davam və inkişaf etdirir. Aydın şəkildə diqqətə çatdırılır ki, Azərbaycan hakimiyyəti hadisələrin qiymətləndirilməsi və beynəlxalq problemlərin həllində ayrı-ayrı fövqəldövlətlərin maraqları baxımından deyil, beynəlxalq hüququn normaları və ölkənin milli maraqlarından çıxış edir.

Akademikin bu kitabı Azərbaycanda və dünyada baş verən siyasi proseslərin təhlili baxımından olduqca dolğun və tutarlı faktlarla zəngin bir siyasi yanaşma kimi qiymətləndirilməlidir. Prezident Administrasiyasının rəhbəri haqlı olaraq belə bir qənaətə gəlir ki, “...rəngli inqilablar” istənilən regionda əmin-amanlıq üçün təhlükə yaradır və yalnız ABŞ-ın xoşu gəlməyən rejimləri onun nəzarət etdiyi hökumətlərlə əvəz etmək məqsədi güdür”.

“Şərq-Qərb” nəşriyyat evi tərəfindən nəfis şəkildə çap olunan kitab oxuculara Azərbaycan və rus dillərində təqdim edilir.

Kitabda filosof alimin “İlham Əliyev yeni əsrin yeni lideridir”, “Azərbaycan yalnız bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan dialoq aparmaq əzmindədir və buna hazırdır, dövlətlərarası münasibətlərin başqa formaları onun üçün qəbuledilməzdir” sərlövhəli müsahibələri və “İkili standartların dünya nizamı və müasir Azərbaycan” adlı məqaləsi yer alıb.

İstər AZƏRTAC-a verdiyi hər iki müsahibəsində, istərsə də məqalədə akademik Ramiz Mehdiyev öz ənənəsinə sadiq qalaraq müasir dövlətçilik tariximizin inkişaf mərhələlərindən, üzləşdiyimiz çətinliklərdən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlərdən söz açıb, eyni zamanda, dünya güclərinin müstəqil siyasət yürüdən, demokratik dəyərlərə söykənən və gündən-günə inkişaf edən, Azərbaycana qarşı yürütdüyü siyasəti də obyektiv təhlil etməyi öz vəzifə borcu bilib.

Bu kitab səmərəli dövlət idarəçiliyinin aktual məsələlərinə, korrupsiyaya qarşı mübarizə sahəsində hüquqi və institusional islahatlara, qeyri-hökumət təşkilatlarının fəaliyyətinə və vəzifələrinə, yeni təşəkkül tapmış dünya nizamına və Qərb tərəfindən Azərbaycana tətbiq olunan ikili standartlar siyasətinə həsr edilib.

Kitabda Sovet İttifaqı dağıldıqdan sonra dünyada yaranmış ictimai-siyasi vəziyyət geniş təhlil edilir, “Ərəb baharı”nın, “məxməri” və “rəngli” inqilabların həqiqi səbəblərindən söhbət açılır.

Akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı və müasir Azərbaycan” kitabında dünyanın geosiyasi güclərinin vətəndaş cəmiyyəti institutları vasitəsilə müxtəlif dövlətlərin “mədəni” işğalı məqsədilə həyata keçirdiyi çoxşaxəli siyasəti mükəmməl təhlil edilib, postsənaye cəmiyyəti quruculuğunun indiki mərhələsində Azərbaycan dövlətinin siyasətinin əsas prinsipləri nəzərdən keçirilib, Prezident İlham Əliyevin innovasiyalı siyasətinin mahiyyəti açıqlanıb.

Gələcək tədqiqatçılar XXI əsrin əvvəllərindəki siyasi mənzərəyə nəzər salarkən akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı və müasir Azərbaycan” kitabından yetərincə bəhrələnə biləcəklər.

Kitab politoloq alimlər, ali məktəblərin müəllimləri və tələbələri, habelə geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

"Azərbaycan" qəzeti, 17 avqust 2015-ci il

  • Paylaş: