Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

AMEA ilə Xəzər Strateji İnstitutu arasında memorandum imzalanıb
04.09.2015 08:22
  • A-
  • A
  • A+

AMEA ilə Xəzər Strateji İnstitutu arasında memorandum imzalanıb

AMEA prezidenti, akademik Akif Əlizadə Xəzər Strateji İnstitutunun (HASEN) baş katibi Haldun Yavaşla görüşüb. Azərbaycana səfər edən qonaqları salamlayan akademik Akif Əlizadə ölkə elminin hazırkı vəziyyətindən danışıb.

AMEA rəhbəri ikitərəfli əməkdaşlığı inkişaf etdirmək, hər iki müəssisənin səyləri nəticəsində elmi fəaliyyəti genişləndirmək, həmçinin mühüm tədqiqatlara nail olmaq məqsədi daşıyan görüşdə Azərbaycanda müasir istiqamət kimi yeni tədqiqatlar aparmağa, beynəlxalq təşkilatlarla əlaqələr qurmağa və yüksəkixtisaslı kadr hazırlığı həyata keçirməyə ayrılan diqqət və qayğıdan danışıb.

Sonra HASEN-in baş katibi Haldun Yavaş səmimi qəbula görə AMEA rəhbərinə təşəkkürünü bildirib və təmsil etdiyi qurum haqqında məlumat verib. Qeyd edib ki, 2012-ci ildə təsis olunan tədqiqat mərkəzinin əsas fəaliyyəti beynəlxalq münasibətlər, təhlükəsizlik, iqtisadiyyat, təhsil, mədəniyyət və ətraf mühitin mühafizəsi istiqamətlərində strateji təkliflər irəli sürməkdir. Bir neçə dəfə Bakıya səfər etdiyini deyən baş katib Türkiyə-Azərbaycan münasibətlərini möhkəmləndirmək məqsədilə müxtəlif qurumlarla görüşlər keçirmək niyyətində olduğunu bildirib və bu yöndə həyata keçirdikləri layihələrdən danışıb. Görüşün onun üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləyən qonaq qarşılıqlı əlaqələr sayəsində araşdırma imkanlarının genişlənəcəyini vurğulayıb.

Eyni zamanda AMEA ilə HASEN arasında anlaşma memorandumu imzalanıb. Memorandumda ixtisas təkmilləşdirmə proqramları hazırlamaq, kadr və distant təcrübə mübadiləsi aparmaq, məlumat bazalarından ikitərəfli istifadəni təmin etmək, birgə elmi məqalələr, materiallar çap etdirmək, milli və beynəlxalq akademik müəssisə nümayəndələrinin də iştirak etdiyi müxtəlif tipli tədbirlər təşkil etməklə bağlı müddəalar öz əksini tapıb.

Əməkdaşlıq imkanlarının geniş müzakirə olunduğu görüşdə, həmçinin AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin rəisi, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva və HASEN-in bölgə koordinatoru Kəmalə Paşayeva iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: