Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Hüseyn Cavidin Ev Muzeyinin illik hesabatı keçirildi
05.12.2013 00:00
  • A-
  • A
  • A+

AMEA Hüseyn Cavidin Ev Muzeyinin illik hesabatı keçirildi

AMEA Hüseyn Cavidin Ev Muzeyində illik hesabata həsr olunmuş Elmi Şuranın yekun iclası keçirildi.

İclası giriş sözü ilə açan muzeyin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı 2013-cü il ərzində muzeydə həyata keçirilən elmi-tədqiqat işləri, konfrans, seminar, simpoziumlarda iştirak, çap olunmuş elmi əsərlər, qəzet və jurnallarda dərc olunan məqalələr, elmi-təşkilati fəaliyyət və s. haqqında geniş məlumat verdi. G.Babaxanlı muzeyin cari ildə əldə etdiyi mühüm nəticələr haqqında ətraflı məlumat verərək, muzeydə bir sıra yeni kitabların nəşr olunuduğunu qeyd etdi. Direktor özünün ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş “Heydər Əliyev və Hüseyn Cavid” adlı monoqrafiyası haqqında danışdı. O, monoqrafiyada ümummilli lider Heydər Əliyevin dahi sənətkar Hüseyn Cavid irsinə göstərdiyi diqqət və qayğıdan bəhs olunduğunu vurğuladı.

 Tədbirdə muzeyin elmi katibi İlahə İbrahimova illik hesabatla çıxış etdi.

 Hesabat ilində Muzeyin və Bakı Slavyan Universitetinin birgə layihəsi ilə H.Cavidin “Şeyda” əsəri 10 dilə (rus, ingilis, fransız, alman, yunan, çex, polyak, belarus, bolqar, ukrayna) tərcümə edilib. Kitabın 4 cildi 2012-ci ildə (rus, ingilis, fransız, yunan), qalan 6 cildi 2013-cü ildə (alman, çex, polyak, belarus, bolqar, ukrayna) çap edilmişdir.

Filologiya elmləri doktoru Timuçin Әfәndiyevin 1985-ci ildə çap olunmuş “Hüseyn Cavidin ideyalar aləmi” adlı monoqrafiyası “Hüseyn Cavid: ideal həqiqət axtarışı” adı altında təkrar nəşr edilib. Qeyd edək ki, Cavid dramaturgiyasının estetik problemlərindən bəhs edən kitabın redaktoru fil.ü.e.d. Gülbəniz Babaxanlıdır.

Sonra hesabatla bağlı müzakirələr aparıldı. Müzakirələrdə iştirak edən AMEA-nın müxbir üzvü Teymur Kərimli, fil.e.d., professor Məhərrəm Qasımlı, fil.e.d., professor Aybəniz Əliyeva-Kəngərli və başqaları çıxış edərək hesabatı müsbət qiymətləndirdilər.

Elmi Şura üzvləri Azərbaycanda elm sahəsində gənclərə göstərilən diqqət və qayğı nəticəsində muzeydə Gənc alim və mütəxəssislər şurasının yaradılmasını təqdirəlayiq hal kimi qiymətləndirdilər və gələcək fəaliyyətində uğurlar arzuladılar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.
  • Paylaş: