www.science.az
10.09.2015 14:33

Gədəbəy və Daşkəsən rayonlarında yeraltı suların və qazların izotop-geokimyəvi tərkibi öyrənilir

İtaliyalı alimlər azərbaycanlı həmkarları ilə birgə Gədəbəy və Daşkəsən rayonlarında yeraltı suların və qazların izotop-geokimyəvi tərkibini öyrənirlər.

Bu məqsədlə İtaliya Milli Tədqiqat Şurasının (İMTŞ) Florensiya Universitetindən professor Franko Tassi, dosent Federiko Sani və Geologiya Elmləri və Yer Ehtiyatları İnstitutunun elmi işçisi Maria Laura Balestrieri sentyabrın 7-də Azərbaycana səfər ediblər. Onlar AMEA Geologiya və Geofizika İnstitutunun Çökmə hövzələrinin fluid dinamikası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Əkpər Feyzullayev və Geoloji mühitin radiometriyası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Çingiz Əliyev ilə birgə çöl tədqiqatları aparacaqlar. Bir həftə davam edəcək tədqiqatlar çərçivəsində təbii mineral və termal suların, həmçinin qazların (radon, helium, arqon, karbohidrogen və karbon qazları) çıxdığı ərazilərdə geoloji araşdırmalar və analitik ölçmələr həyata keçiriləcək, nümunələr götürüləcək. Əldə olunan nümunələr İtaliyada izotop-geokimyəvi analiz olunacaq.

Tədqiqatlarda məqsəd termal suların və qazların geokimyəvi xassələrinin və izotop tərkibinin öyrənilməsi nəticəsində onların mənşəini  müəyyən etməkdir.

İşlər AMEA və İMTŞ-in 2014-2015-ci illəri əhatə edən “Böyük Qafqazın şərq hissəsinin və Talış dağlarının flüid təzahürləri: flüid geokimyası, struktur və geodinamik asılılıq” adlı müştərək elmi layihəsi çərçivəsində həyata keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir