www.science.az
14.09.2015 08:15

“Böyük Qafqazda ekogeomorfoloji təhlükə və risk (Azərbaycan daxilində)” adlı monoqrafiya nəşr olunub

AMEA Coğrafıya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə və institutun əməkdaşı, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Starə Tarixazərin “Böyük Qafqazda ekogeomorfoloji təhlükə və risk (Azərbaycan daxilində)” adlı monoqrafiyası nəşr olunub.

Moskva Dövlət Universitetinin “MAXPRESS” nəşriyyatında çapdan çıxmış monoqrafiyada Böyük Qafqazda təhlükəli təbii və antropogen geomorfoloji proseslərin inkişafı, onların qiymətləndirilməsi və yaranan riskin idarə olunması ilə bağlı ekogeomorfoloji problemlər geniş əhatə olunub, təhlükə və risklərə görə tədqiq olunan ərazinin ekogeomorfoloji rayonlaşdırılması aparılıb. Əsərdə sürüşmə, uçqun, sel və s. kimi təhlükəli geomorfoloji proseslərin mənşəyi, dinamikası, ərazi üzrə yayılması və nəticələri təhlil olunur, ekogeomorfosistemlərə antropogen təzyiq və onun nəticəsi olaraq müasir landşaft-geomorfoloji geosistemlərin transformasiyasına xüsusi diqqət verilir. Təhlükə və risklərin artdığı şəraitdə dağ geosistemlərinin dayanıqlı inkişafının müasir metod və üsullarla tədqiqi problemi təhlil edilir.

Monoqrafiya geomorfologiya, geologiya, ekogeomorfologiya, landşaftşünaslıq üzrə, o cümlədən dağlıq ərazilərin mənimsənilməsi ilə maraqlanan mütəxəssislər, ali məktəblərin müəllim və tələbələri üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir